Təbiət

Qalapaqos tısbağası

Qalapaqos tısbağası heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin chelonoidis cinsinə aiddir. Tısbağa Ekvator ərazisinin qərbindən təxminən 1000 km-də yerləşən bir vulkanik arxipelaq olan yeddi Qalapaqos adalarına məxsusdur. İspan tədqiqatçılar 16-cı əsrdə adanı kəşf etmiş və İspanca mənası tısbağa olan galápago adını vermişlər.

 

Yaşayan ən böyük tısbağa növüdür, tutqun boz rəngi, qırışmış boyun, baş və ayaqları var. Çəkisi 400 kq-a, uzunluğu 1,8 metrə çatır. Bu tısbağaların uzun boyunları onların yüksəkdə olan qidaya çatmasına kömək edir. Həmçinin dava zamanı tısbağalar boyunlarını uzadıb ağızlarını geniş açır. Bu canlılar isti iqlimi olan bölgələrdə yaşayır və çox yeməyə ehtiyac duymurlar, buna görə də vaxtlarının çoxunu istirahətə və yatmağa sərf edirlər. Bəzən həftələrlə yatırlar.

 

100 ilə yaxın ömür sürməklə, ən uzun ömürlü onurğalılardan biridir. 

 

 

Bir il yeməksiz və susuz yaşaya bilirlər. Onlar sidik kisəsində çoxlu miqdarda su toplamaq qabiliyyəti ilə susuzlaşmadan xilas olurlar. Ac olan fil tısbağası adətən ot, meyvə və kaktus yeyir.