Xəbərlər

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” hərəkatının V aksiyası keçirilib

Bakı Avropa Liseyinin və “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin birgə təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Yaşıl dalğa” aksiyası keçirilib.

 

"Yaşıl dalğa” aksiyası Bakı Avropa Liseyi tərəfindən artıq 5-ci dəfədir ki, Dənizkənarı Milli Parkda həyata keçirilir. Elm və Təhsil Nazirliyi və Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyi tərəfindən bu təşəbbüsün davamlı xarakter daşımasına və onun ənənəvi tədbir kimi həyata keçirilməsinə dəstək verilib.

 

2018-ci ildə keçirilən ilk tədbir 6 Oktyabr - Ümumdünya Yaşayış Yerlərinin Müdafiəsi Gününə təsadüf edib.

 

Bəşəriyyətin diqqətini planetimizin flora və faunasının mühafizəsi problemlərinə cəlb etmək üçün müxtəlif ölkələrdə beynəlxalq tədbirlər keçirilir. Məhz buna görə də aksiyanın əsas məqsədi bulvarda - xüsusi ayrılmış ərazidə Azərbaycanın endemik bitkilərinin əkilməsini həyata keçirməkdir. İlk aksiyadan sonra nəinki əkilən ağaclar yetişdirilib, həm də “Yaşıl dalğa” hərəkatının konsepsiyası dəyişib, əldə olunan təcrübə, alim və mütəxəssislərlə qarşılıqlı əlaqə sayəsində xeyli genişlənib və zənginləşib.

 

Bu il “Yaşıl dalğa” aksiyası Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunub. Əvvəlki illərdə təşkil edilən “Yaşıl dalğa” ənənələrinə görə, aksiya iştirakçıları Azərbaycanın flora və faunası haqqında interaktiv mühazirə dinləyiblər. Vətənimizin müstəqilliyinə və ərazi bütövlüyünə həsr olunan tədbir lisey şagirdlərinin rəngarəng bədii çıxışları ilə başlayıb. Liseyin şagirdlərinin ifasında Vətənə həsr olunmuş gözəl rəqslər, mahnılar və şeirlər əsl bayram ab-havası yaradıb.

 

Tədbirdə 150-dən çox insan iştirak edib. “Yaşıl dalğa” kampaniyası Dənizkənarı Milli Parka gələnlərin və paytaxt qonaqlarının diqqətini çəkib və böyük marağa səbəb olub.