Uşaq yaradıcılığı

Azərbaycanın gənc musiqiçiləri - Aylin Mahmudova

AZƏRTAC Azərbaycanın beynəlxalq müsabiqələrin laureatı olmuş istedadlı gənc musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

 

Növbəti həmsöhbətimiz Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 10-cu sinif şagirdi, pianoçu, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Aylin Mahmudovadır. Aylin, 2022-ci ildə İspaniyada keçirilən yarışmada birinci, Almaniyada isə üçüncü yeri tutub.

 

Aylinin hekayəsi ona görə maraqlıdır ki, o musiqiyə nisbətən yaxın vaxtlarda gəlib, lakin belə bir qısa müddət ərzində inanılmaz uğurlar əldə etməyə müvəffəq olub. Aylin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə keçməzdən əvvəl Oksford məktəbinin Bakı filialında təhsil alıb və fortepiano onun üçün yalnız hobbidən ibarət olub.

 

“Bu məktəbə keçməzdən əvvəl uç il musiqi ilə məşğul olmuşam. Düzünü desəm, elə də böyük marağım yox idi, anam çətinliklə də olsa, hər gün heç olmasa yarım saat məni pianoda ifa etməyə məcbur edirdi”, - deyir Aylin. Birdən fikirləşməyə başladım, bəs mən gələcəkdə hansı peşənin sahibi olacağam? Oturub düşündüm və anladım ki, musiqi mənə çox doğmadır və musiqiçi olmaq istəyirəm. Anam dəhşət içində idi (Gülür). “Sən hələ 8-ci sinifdəsən, hara?” Biz çox düşündük, nəhayət belə qərara gəldik ki, Oksford məktəbindən musiqi məktəbinə keçməliyəm. O vaxt hələ çox da peşəkar pianoçu deyildim, bu üç il ərzində həftədə cəmi iki dəfə məşğul olurdum, bu isə çox azdır. Ancaq bu məktəbə keçəndən sonra artıq gün ərzində 4-5 saat işləməyə başladım və məncə, irəliləyişə nail oldum. Artıq məndə nəsə alınır. Hətta lap yaxşı olmasa da, nəsə alınır”.

 

O, Azərbaycanın Əməkdar müəllimi Gülnarə Namazovanın sinfində təhsil alıb. Bu qeyri-adi pedaqoqun tələbələri arasında Emil Əfrasiyab, Şahin Növrəsli, Muxtar Abseynov, Murad Hüseynov, Nizami Əliyev və digərləri var.

 

Onun sinfindən bu qədər məşhur musiqiçinin necə çıxdığını izah etməsi xahişi ilə Gülnarə xanıma müraciət edəndə o, müəmmalı şəkildə cavab verərək, “bunun sadəcə təsadüf olduğunu” və "heç vaxt ulduz hazırlamadığını” deyir.

 

“Mən onları musiqi həyatına hazırlamışam. Tapşırıqlarım isə kifayət qədər sadədir” – pedaqoq deyir. “Mən piarı sevmirəm, reklamı sevmirəm, mənim vəzifəm konservatoriyanın ödənişli olmayan bölməsinə asanlıqla qəbul ola biləcək və həyatda özünə bir parça çörək tapa biləcək savadlı mütəxəssis yetirşdirməkdir”.

 

Gülnarə xanım həmçinin, müsabiqələrin şagird üçün ən vacib məsələ olmadığını deyir.

 

“Mən müsabiqələri elə də çox sevmirəm. Bəlkə də ona görə ki, çox yaşlıyam, gənclərə isə bu müsabiqələr maraqlı gəlir. Mən konsertləri daha çox sevirəm: öz əsərini ifa etdin, vəssalam! Yeni biliklər əldə etmək üçün yola davam edirik. Şagirdlə çox məşğul olanda, o püxtələşməyə başlayır. Bir parça kağız isə çox da vacib deyil”.

 

Ancaq Gülnarə xanımın tələbəsi beynəlxalq müsabiqələrdə yaxşı nəticələrə nail olub.

 

“Aylin Oksford məktəbindən çıxaraq bizim məktəbə gəlib. O, musiqini necə çox sevir! Təxminən iki ildir ki, mənim sinfimdədir. Bu müddət ərzində o, iki müsabiqədə iştirak edib və layiqli şəkildə çıxış edib. İspaniyada ikinci yerə layiq görülüb. Almaniyada isə İ.S.Baxın əsərini ifa edərək, üçüncü olub. Baxın vətənində Baxın əsərini ifa etmək və üçüncü yerə layiq görülmək çox böyük şərəfdir!” – Aylinin müəllimi qeyd edir.

 

Amma Aylin özünə qarşı çox tələbkardır və daha yaxşı ifa edə biləcəyini deyir.

 

“İspaniyadakı müsabiqə gözlənilməz oldu” – qızcığaz əlavə edir. “Birinci tur onlayn keçirildi, ancaq birdən anidən məni İspaniyadakı II tura dəvət etdilər”.

 

İspaniyada Aylin, Şopenin kifayət qədər çətin mi-bemol-minor polonezi ilə çıxış edib. Qızcığaz daha yaxşı nəticə əldə edə bilmək üçün gün ərzində 6 saat musiqi ilə məşğul olub.

 

“Ancaq yenə də tam razı deyiləm, məncə, daha yaxşı çıxış edə bilərdim. Texniki baxımdan daha çox məşğul olsaydım, ifam daha canlı və rəngarəng olardı. Ancaq bu böyüklər üçün olan əsərdir, mənim isə o vaxt cəmi 15 yaşım var idi” – pianoçu qız vurğulayır.

 

Gülnarə xanım isə öz növbəsində, “böyüklər üçün olan əsərləri” ifa edəndən sonra şagirdlərin daha da təkmilləşdiklərini bildirir.

 

“Onlar çətinliklərin öhdəsindən gəlməyi öyrənirlər, bu çətinliklər onları böyüdür. İndiyə qədər bilmədikləri müxtəlif texniki fəndlərə yiyələnirlər. Həm də əgər şagird hər hansı əsəri ifa etmək arzusuna düşürsə, özünü oda-közə vuraraq öyrənmək bahasına olsa belə, onu ifa edir. Bu isə çox yaxşı haldır!”

 

Aylin Almaniyaya, daha əvvəl də qeyd edildiyi kimi, Baxın əsəri ilə yollanıb. O, prelüdiyanı və ikinci cilddəki fuqu re-minoru ifa edib.

 

“Mən Baxın əsərini məktəbdəki imtahan vaxtı ifa etdim, sonra isə düşündüm: bəlkə müsabiqəyə də onunla yollanım? Necə də olsa, bəstəkarın vətənidir. Əsəri orada da ifa etdim, ancaq öz çıxışımdan elə də razı qalmadım, adətən öz ifalarımdan nadir hallarda razı qalıram” – pianoçu qız bildirir. “Hər şeyin ideal, təmiz və qüsursuz olmasını istəyirəm. Ancaq öz çıxışım çox da xoşuma gəlmədi. Gülnarə xanım mənə “mükəmməl” ifa etdiyimi deyəndə, ancaq o zaman sakit yaşaya bilirəm (gülür)”.

 

Gülnarə xanımın fikrincə, musiqiçi üçün Aylin kimi perfeksionist olmaq çox zəruri məsələdir.

 

“Mükəmməlliyin sərhədi yoxdur! Çünki mükəmməl olan yalnız uca Allahdır, biz də yalnız ona çatmağa can atmalıyıq. Bəs peşəkarlar özfəaliyyətlə məşğul olanlardan nə ilə seçilirlər? Axı özfəaliyyətlə məşğul olan kəs də istedadlı ola bilər. Amma bir məsələ var! Peşəkar özündə həm biliyi, istedadı, təhsili, həm də mənəvi aləmi birləşdirir. İnsan daxilən yoxsuldursa, oxumayıbsa, özünü intellektual baxımdan yetişdirməyibsə, heç nə bilmirsə, heç nəyə qulaq asmırsa, o nəsə demək iqtidarında ola bilməz. Bu məktəbdə işləməyimin bu yaxında 50 ili tamam olacaq, amma mən hərdən özümü də şagird hesab edirəm. Çünki hələ də öyrənməyə davam edirəm. Bəzən səhər saat 4-də oyanıram, işə gedənə qədər musiqiyə qulaq asıram, şagirdlərimə maraqlı nəsə deyə bilmək üçün vaxtımı redaksiyalarda keçirirəm”, - deyə Gülnarə Namazova bildirir.

 

Söhbətimizə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktor müavini, Azərbaycanın Əməkdar müəllimi Rəna Vəzirova da qoşulur.

 

“Uşaqlara keçilən musiqi ixtisası üzrə dərslərdən əlavə, məktəbimizdə onlara orta məktəbdə keçilən fənlər də tədris olunur: bizdə orta ümumtəhsil və musiqi təhsili sistemi vəhdət şəklində keçilir. Məsələn, Aylin harmoniya, musiqi ədəbiyyatı üzrə təqdirəlayiq nailiyyətlərə imza atır, o, sinifdəki digər uşaqlardan bu bilikləri ilə seçilir. Axı musiqi ədəbiyyatı fənni lazımi səviyyədə keçilməsə, onlar yaxşı pianoçu kimi yetişə bilməzlər, şagirdlər bu biliklərin hamısını bərabər qaydada əldə etməlidirlər. Aylin məhz iki il ərzində inanılmaz uğurlara imza atan həmin o qızdır!”

 

Aylinin öz uğurlarına kifayət qədər tənqidi gözlə yanaşmasına baxmayaraq, o, bundan sonra da gələcək müsabiqələrdə iştirak edəcəyini bildirir.

 

“Mən Avstriyaya getmək istərdim” – pianoçu qız deyir. – “Orada iki dəfə olmuşam, ancaq həmin ölkədə çıxış etmək istərdim”.

 

İspaniya və Almaniyadakı çıxışları zamanı yaşadığı hissləri xatırlayan Aylin həmin vaxtlar çox həyəcan keçirdiyini dilə gətirir.

 

“Düşünürdüm ki, birdən mətn yadımdan çıxar, birdən əlimi saxlayaram? Ona görə də, çox qorxurdum! Ancaq sonra səhnəyə çıxdım, ifa etməyə başladım və qorxum öz-özünə yox oldu. Sadəcə musiqinin içinə nüfuz etdim və qorxu hissini unutdum”.

 

Rəna Vəzirova hesab edir ki, hər şey hazırlığın keyfiyyətindən asılıdır. “Hazırlıq yaxşıdırsa, musiqiçi həyəcanını üzərindən ataraq ifa etməyə başlayır. Keyfiyyət axsayanda isə, pianoçu notlar haqqında düşünməyə başlayır”.

 

Lakin Rəna xanım onu da qeyd edir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin hazırlıq səviyyəsi təkcə müsabiqələr və konsertlər üçün yox, həm də kifayət qədər vacib olan digər vəzifənin öhdəsindən gəlmək üçün zəruridir.

 

“Bizim yaşımız elə də az deyil. Sabah-birigün bu məktəbdə məhz onlar – bizim tələbələrimiz işləyəcəklər. Onlar isə özlərindən sonra yetişəcək yeni nəsli öyrədəcək və tərbiyə edəcək qədər yüksək səviyyəyə malik olmalıdırlar”, - deyə Rəna xanım vurğulayır.