Uşaq yaradıcılığı

Azərbaycanın gənc musiqiçiləri- Xəzər Coşqun

AZƏRTAC beynəlxalq müsabiqələr laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri barədə silsilə məqalələri davam etdirir.

 

Növbəti həmsöhbətimiz – Bülbül adına orta ixtisas musiqi məktəbinin 8-ci sinif şagirdi, skripka ifaçısı, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Xəzər Coşqundur. Xəzər 2023-cü ildə Macarıstanın VIII DANUBIA Talents International Music Competition müsabiqəsində birinci yer tutub.

 

“İlk müsabiqəm Budapeştdə keçib. Orada müxtəlif ölkələrdən – Avstriya, Polşa, Macarıstan, Danimarka, Belçikadan olan 12 nümayəndə iştirak edib. Mənim konsertmeysterim isə yapon idi”, – deyə 13 yaşlı Xəzər söhbətə başlayır.

 

İstedadlı skripka ifaçısı musiqi ilə doqquz yaşında məşğul olmağa başlayıb, lakin onun müəllimi Lalə Hüseynovanın sözlərinə görə, dörd il ərzində o, böyük uğurlara imza atıb.

 

“2023-cü ildə Xəzər iki müsabiqədə qalib gəlib. O, çox məqsədyönlü oğlandır, skripkanı sevir, musiqini yaxşı hiss edir”, – deyə Lalə Hüseynova bildirib.

 

Xəzərin uğurları göstərir ki, qısa müddət ərzində yaxşı nəticələrə nail olmaq olar. Müəllimin fikrincə, nəticə bir neçə amildən asılıdır. “Təkcə uşağın istedadı, onun təmkini və istəyi deyil, həm də ailəsinin onun peşəsinə münasibəti də çox vacibdir. Valideynlər şərait yaratmalı, dərslərə nəzarət etməli, kömək etməlidirlər. Əlbəttə ki, düzgün istiqamət verəcək müəllimdən də çox şey asılıdır. Çünki uşaqlarda olan qabiliyyəti düzgün istiqamətləndirsən, bu, öz nəticəsini verəcək”, – deyə Lalə xanım qeyd edir.

 

Xəzər Kamil Sen-Sansın üçüncü konserti (1-ci hissə) ilə çıxış edib. Müsabiqəyə hazırlaşdığı zaman gənc skripkaçı gündə beş saat məşq edib. Özü etiraf edir ki, çıxışdan öncə həyəcan keçirib. Lakin qorxusuna üstün gələ bilib. “Mən, sadəcə olaraq, səhnəyə çıxıb hər şeyi unutdum. Mən, sadəcə olaraq, ifa etmək istədim!”– deyə skripka ifaçısı xatırladır.

 

Xəzər Macarıstana anası ilə gedib. “Necə qiymətləndiriləcəyimi bilmirdim. Sonda birinci yerə layiq görüldüyümü biləndə biz anamla çox sevindik. Dərhal Lalə xanıma zəng etdik”, – deyə Xəzər bildirir.

 

İngiliscə yaxşı danışan mehriban və cazibəli Xəzər müsabiqə zamanı digər iştirakçılarla ünsiyyət quraraq dostlaşıb.

 

Lalə xanımın sözlərinə görə, müsabiqə iştirakçısından tələb olunan ən vacib şey – mətni yaxşı öyrənməkdir ki, onu dinləyənə maraqlı olsun. “Bunun üçün şagird ifa etdiyini dərk etməlidir. Sadəcə notları bir-bir ifa etməklə kifayətlənməyib dərk edərək çalmalıdır. Musiqi – teatr kimi eyni dildir, musiqi vasitəsilə demək istədiyini izah etmək lazımdır, mən onlara bunu öyrətməyə çalışıram. Mən onlara ifadələri, cümlələri eşitməyi, emosiyalarını - sevinci və kədəri göstərməyi öyrətməyə çalışıram. Bütün bunları dinləməni maraqlı edəcək şəkildə göstərmək. Bu alınırsa, demək vəzifənin öhdəsindən gəldik. Buna gedən yolda isə əlbəttə ki, texnikanın inkişafı üçün məşğələlər, qammalar lazımdır. Emosional təəssüratlarımızı çatdırmaq üçün bizə yaxşı alət lazımdır. Bu isə artıq texniki tərəf üzərində paralel işdir. Mən buna böyük əhəmiyyət verirəm, onlardan qammaları tələb etmədiyim bircə dənə də dərs olmayıb. Bu, onların sevdiyi əsərlərdə hiss etdiyini çatdıra bilməsi, istədiyi hər şeyi deyə bilməsi üçün çox vacibdir”, – deyə müəllim vurğulayır.

 

Müsabiqədə iştirak etmək Xəzərin xoşuna gəlib. O deyir ki, bundan sonra da ölkəsini beynəlxalq platformalarda təmsil etməyə hazırdır. “Mən Avstriya və ya Almaniyada çıxış etmək istərdim. Ona görə ki, bu ölkələrdə musiqi təhsili yüksək səviyyədədir və gözəl mənzərələr var”, - deyə skripkaçı bildirir.

 

Lalə xanıma gəldikdə, o, diqqətini müsabiqələrə yönəltmir və deyir ki, bu, əsas məqsəd deyil. “Tədris prosesində hansısa müsabiqələr ortaya çıxırsa və uşağımın bunun öhdəsindən gələ biləcəyini görürəmsə, mən onu yönəldirəm. Mən onların qarşısında müsabiqələr barədə düşünmək, onları xəyal etmək məqsədi qoymuram. Həm Belçikada, həm Rusiyada, həm də digər ölkələrdə çox gözəl müsabiqələr var. Şagirdlərimin haradasa özlərini, sadəcə, iştirakçı kimi deyil, parlaq şəkildə göstərə, təəssürat buraxa biləcəyini hiss edirəmsə, o zaman mən onları hazırlaşdırmağa başlayıram. Lakin bizim əsas məqsədimiz – çox gözəl təhsildir. Uşaqlarımız təhsil alsınlar və bu təhsillə istənilən müsabiqəyə gedib özlərini göstərə bilsinlər”, – deyə Lalə Hüseynova qeyd edir.