Uşaq yaradıcılığı

Azərbaycanın gənc musiqiçiləri - Amalya Əliyeva

AZƏRTAC beynəlxalq müsabiqələrin laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri barədə məqalələr silsiləsini davam etdirir.

 

Növbəti həmsöhbətimiz Bülbül adına orta ixtisas musiqi məktəbinin 8-ci sinif şagirdi, skripka ifaçısı, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Amalya Əliyevadır. O, 2019-cu ildə Azad Əliyev adına I Beynəlxalq müsabiqədə ikinci yeri, həmin il Gürcüstanda Vaja Çaçava adına III Beynəlxalq müsabiqədə birinci yer tutub.

 

Amalya Bülbül adına musiqi məktəbinə 6 yaşında daxil olub.

 

“O, kiçik, lap balaca uşaq olarkən məktəbə gəlib, - deyə Amalyanın müəllimi Qəmər Dadaşova deyir. - Birinci ilin sonunda artıq hiss olunurdu ki, uşağın müəyyən istedadı, çox yaxşı qavrayışı var. Mən onunla həftədə demək olar ki, ən azından dörd dəfə məşğul olurdum”.

 

İstedadlı qızcığaz artıq ikinci sinifdə oxuyarkən Dövlət Kamera Orkestri ilə Karl Bomun “Davamlı hərəkət” əsərini solo ifa edib.

 

Gürcüstanda keçirilən müsabiqədə Amalya Jan-Batist Akkolainin konserti, Rubinşteynin “Cəhrə”, Azad Əliyev adına müsabiqədə isə Covanni Perqolezinin “Sisiliana”, Rudolf Kreyserin “Etüd №5”, Qara Qarayevin “Kiçik vals” əsərlərini və Jan-Batist Akkolainin konsertini ifa edib.

 

Gənc skripka ifaçısı etiraf edir: “Müsabiqəyə çıxarkən həyəcanlı idim. Lakin ifa etməyə başlayandan sonra həyəcan keçdi. Düşündüm ki, hər şey yaxşı olar”.

 

Qəmər xanımın sözlərinə görə, müsabiqə uşaq üçün çox güclü stimuldur.

“Sağlam rəqabət hər zaman olmalıdır. Uşaqlar daha çox və daha əzmlə işləməyə başlayırlar. Başa düşürlər ki, öndə olmaq üçün çox çalışmaq lazımdır. Hər bir müsabiqədə iştirak artıq bir qələbə və təcrübə deməkdir. Bunun sayəsində uşaq təkmilləşir”, - deyə müəllim vurğulayır.

 

Pandemiya vaxtı bir çox müsabiqələr onlayn şəkildə keçirilib. Amalya Qazaxıstanda, Rusiyada, İsraildə, Avropa ölkələrində keçirilən müsabiqələrdə iştirak edib.

 

2023-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Heydər Əliyev adına IV Respublika müsabiqəsi təşkil olundu. Amalya bu müsabiqədə birinci yeri tutdu. Dərslərə qayıdandan sonra hamı bu qızın bir musiqiçi kimi böyüdüyünün şahidi oldu”.

 

Qəmər xanımın sözlərinə görə, Bülbül adına məktəbə daxil olan hər bir uşaq müəllimin simasında bir valideyn də qazanır.

 

“Müəllimlər uşaqlarla çox vaxt keçirirlər və ümumilikdə, pedaqoq şagirdin inkişafında çox böyük rol oynayır. Uşaq balaca olarkən, evdə də ona nəzarətin olması müəllim üçün çox vacibdir. Skripka ifaçıları üçün bu xüsusilə zəruridir. Çünki skripka çox çətin alətdir və evdə uşağa nəzarət olunmasa, onun üçün çox çətin olacaq.

 

Müəllim Amalyanın təlimində onun valideynlərinin iştirakını xüsusi qeyd edib.

 

“Onlar hər zaman mənimlə birlikdə olublar. Hətta mənə deyirdilər ki, bu, sizin uşaqdır, onunla istədiyinizi edin (gülür). Onlar mənə tam etimad göstəriblər, uşağı etibar ediblər. Mən də həmişə çalışmışam ki, ona ana qayğısı göstərim, həyatında iştirak edim. Amalya çox yaxşı nəticələrə nail olub. O, hər zaman etimadımızı doğruldub”, - deyə Qəmər xanım vurğulayıb.

 

Müəllimin sözlərinə görə, Bülbül adına məktəbin direktoru Teymur Göyçayev məktəb üçün çox böyük işlər görür: “O, bu uşaqların sağlam mühitdə böyüməsi, rahat inkişaf edə bilməsi üçün həmişə bütün şəraiti yaradır, daim hər kəsə kömək əlini uzadır. Şəxsən mənim üçün Teymur müəllim ata olub, o, mənim müəllimim, mən onun şagirdi olmuşam. O, orkestrin dirijoru olanda, mən də orada işləmişəm. Uzun müddət. Daha sonra o Bülbül adına məktəbdə də mənə atalıq qayğısı göstərib. Mən onunla həmişə məsləhətləşirəm. Onun fikri mənim üçün çox vacibdir. Beynəlxalq müsabiqələrdə və yaxud hansısa tədbirdə iştirak haqqında söhbət gedəndə, mən həmişə uşağı ona göstərirəm”.

 

Sonda Qəmər xanım əlavə edib ki, müəllimin əməyi heykəltaraşın işinə bənzəyir. O vurğulayıb: “Sanki gildən heykəl düzəldirsən, sən bunu öz əlinlə edirsən. Gördüyün nəticə sənin zəhmətinin nəticəsidir. Biz hamımız yaradıcı insanlarıq, yaradıcı işlə məşğuluq və məhz bundan - əməyimizin nəticəsindən həzz, zövq alırıq. İncəsənətin olduğu yerdə başqa cür mümkün deyil”.