Xəbərlər

Bir yaşlı uşağın internet-hərrac sərgüzəştləri

13.07.13. İnternet-treydinqin və mobil texnologiyaların paralel inkişafı nəticəsində bəzən valideynlərin başına məzəli əhvalat gəlir. Məsələn, uşaqlarınızın mobil vasitələrlə oynamasının qarşısını  ala bilməsəniz, heç gözləmədiyiniz  halda  ötən əsrin  60-cı illərindən qalma sınıq-salxaq maşının sahibi ola bilərsiniz.

ABŞ-ın Portlend şəhərində yaşayan 14 aylıq Sorella Stautun valideynləri  daha bir avtomobil almaq fikrində olmamışlar. Amma sən saydığını say, gör, Sorella nə sayır. Atasının smartfonunu gizlicə ələ keçirən bu fərasətli qızcığaz təsadüfən “eBaty” internet-hərracının  telefonda quraşdırılmış mobil əlavəsini açır. Təsadüflər bununla bitmir. Dəcəl körpə düymələri nizamsız şəkildə basaraq 1962-ci ilin istehsalı olan “Austin Healy Sprite” retromobilinin alınmasına dair  saziş bağlayır.

Sorellanın “hədiyyəsi” valideynlərin büdcəsinə elə ciddi maddi ziyan vurmur. Pis gündə olan bu  maşın Stautlar ailəsinə cəmi 225 dollara başa gəlir. Ancaq vəziyyət daha acınacaqlı ola bilərdi. Məsələ bundadır ki, ailənin başçısı Pol Staut bir qədər əvvəl  qiyməti 38 min dollar olan “Porshe” avtomobilinin satışı barədə elanı gözdən keçirirmiş, əgər qızı xırdaca barmaqları ilə bir neçə dəfə başqa düymələri də bassa idi, Almaniya istehsalı olan bahalı sportkar ala bilərdi.

Pol Skaut “KOIN” telekanalına müsahibəsində demişdir ki, dəmir hissələrlə işləməyi bacarır və təsadüfən alınmış bu maşını saz vəziyyətə gətirməyə çalışacaqdır. Üstəlik, köhnə maşının taleyi də artıq müəyyənləşib. Valideynləri Sorellanın 16 yaşı tamam olanda maşını ona hədiyyə etməyə hazırlaşırlar. Necə də olsa, maşını, axı,  Sorella alıb.