Xəbərlər

Sağlam şəkildə qidalanan uşaqlar problemsiz böyüyürlər

Bakı, 13 yanvar, AZƏRTAC

 


Sağlam şəkildə qidalanan uşaqlar problemsiz böyüyür. Uşaqlar bu zaman özlərinə qarşı daha diqqətli və az emosional olurlar. 


AZƏRTAC xəbər verir ki, bununla bağlı İsveçin Sahlgrenska Akademiyasının alimləri araşdırma aparıblar.


Alimlərin sözlərinə görə, tərəvəz və meyvələrdən bol istifadə etmək, şəkəri çox olan və yağlı qidalardan uzaq durmaq uşaqlar üçün çox əhəmiyyətlidir. Belə ki, sağlam şəkildə yemək uşaqların öz yaşıdları ilə münasibətinə də müsbət təsir göstərir. Bu, onlarda özünəinam yaradır. 


İsveç alimlərinin araşdırmasının nəticəsi “BMC Public Health” jurnalında dərc olunub. Bildirilir ki, araşdırma Belçika, Kipr, Estoniya, Almaniya, Macarıstan, İtaliya və İsveçdə iki yaşından doqquz yaşına qədər 7675 uşaq üzərində aparılıb. Bir neçə həftə ərzində uşaqların qidaları, yemək saatları yoxlanılıb. Eyni zamanda, alimlər uşaqların boy və çəkilərini də nəzərdən keçirib. Onlar həftənin müəyyən günlərində mütəmadi olaraq balıq, meyvə və yağsız qidalar yeyən uşaqların problemsiz yaşadığının şahidi olublar.