Xəbərlər

Sumqayıtlı uşaqların payız sevinci

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sumqayıtdakı Nizami Gəncəvi adına Kitabxana-Klubda "Uşaqların payız sevinci - Payız bayramı” adlı ədəbi-bədii gecə təşkil edilib. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə reallaşıb.

 

AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşı Səadət Allahverdiyeva tədbirin məqsədi haqqında danışdıqdan sonra söz oxuculara verilib. 28 saylı məktəbin 1-ci sinif şagirdləri payız fəslinə həsr olunmuş şeirlər söyləyib, 64 saylı uşaq bağçasının balaca fidanları "Çətir” rəqsini, "Meşənin payız nağılı” səhnəciyini, şeir və mahnı töhfələrini tədbir iştirakçılarına həvəslə təqdim ediblər.

 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Kitabxana-Klubun müdiri Zərnigar Babayeva uşaqları "Payız bayramı” münasibətilə təbrik edərək, xoş arzularını bildiriblər.

 

Sonda mövzu ilə bağlı təşkil olmuş sərgi haqqında iştirakçılara məlumat verilib.