Azad edilən ərazilər

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində işğaldan azad edilən şəhərlərimiz

 

Cəbrayıl 

Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəd olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub.

Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib.

Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

 


Füzuli

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər olan əraziləri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. 

1993-cü il avqustun 23-ü Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.  

2020-ci ilin 27 sentyabrından başlamış 44 günlük Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. 

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis olunub.
 
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.

 

 


Zəngilan

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Zəngilan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıb.

Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edilib.

2020-ci il noyabrın 26-da  “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb.


Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. 

 

 

Qubadlı


Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şəqində yerləşir. 

31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidə yerləşən Qubadlıya gedən yolun açılmasına əlverişli imkan yaratdı.

Qubadlı şəhəri 2020-ci il oktyabrın 25-də işğalçı qüvvələrin mühasirəyə salınması ilə azad edilib.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olunub.


Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi  qeyd olunacaq.

 


Şuşa

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.

Şuşa şəhəri 8 noyabr 2020 –ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və mübariz Azərbaycan xalqının qətiyyəti sayəsində qəhrəman ordumuz tərəfindən erməni vandallarının işğalından azad edilib. 

2020-ci il noyabrın 26-da "Şuşanın azad olunmasına görə" medalı təsis olunub.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Şuşa Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.


2022-ci il yanvarın 5-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi  qeyd olunacaq.

 


Ağdam

Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşən Ağdam rayonu 1930-cu ildə yaradılıb. 

1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. 

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. 

Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

2020-ci il noyabrın 26-da  "Ağdamın azad olunmasına görə" medalı təsis olunub.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-i Ağdam Şəhəri Günü kimi  qeyd olunacaq.

 


Kəlbəcər

Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəd olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistanın silahlı qüvvələri tərəfindən  işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan noyabrın 25-də Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. 

2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis olunub.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi  qeyd olunacaq.

 

 

 

Laçın

Laçın rayonu Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir.
 

Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu 1992-ci il 18 maydan etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi.

 
Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir.
 

Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizə keçdi.

2020-ci il noyabrın 26-da  “Laçının azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür.

 

Xankəndi

Xankəndi Qarabağ xanlığı tərəfindən Xankəndi (Xanın kəndi) adıyla XVIII əsrdə qurulub.
Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir.
Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 28 dekabr 1991-ci ildə işğal olunub.
2023-cü il sentyabrın 19-da səhər saatlarında dördü polis əməkdaşı, ikisi yol təsərrüfatı işçisi olmaqla mina partlayışında 6 nəfərin həlak olmasından sonra Azərbaycan Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında antiterror əməliyyatına başlayıb. Sentyabrın 19-da baş vermiş terror hadisəsinə cavab olaraq keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi, Azərbaycan öz suverenliyini tam bərpa etdi. 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

 

Xocavənd


Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 
Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. 
İkinci Qarabağ müharibəsi ərzində rayonun 35 kəndi Ermənistan işğalından azad olunub. 
2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində Xocavənd Şanlı Azərbaycan ordusunun nəzarətinə keçib.


2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 

 

Xocalı


Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılıb. Rayonun ərazisi 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistanın işğalı nəticəsində Xocalı soyqırımı törədilib, 613 dinc sakin qətlə yetirilib. Rayonun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılıb.

2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində Xocalı Şanlı Azərbaycan ordusunun nəzarətinə keçib. 

 

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 

 

 

 

 


Ağdərə

Ağdərə rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünüb.

1993-cü il iyulun 7-də Ağdərə erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

19 sentyabr 2023 cü ildə başlanan lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə rayonu şanlı Azərbaycan Ordusunun nəzarətinə keçib.

 

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.