Təbiət

Qalapaqos adaları - dünyanın o biri ucu

Vanna böyüklüyündə tısbağalar! Əfsanəvi əjdahalara bənzər dəniz kərtənkələləri! Bu hələ Qalapaqos arxipelaqının — Sakit okeanda digər quru ərazilərdən tamamilə uzaqda yerləşən kiçik adalar qrupunun heyranedici görüntülərindən bir neçəsidir!  Qalapaqos adaları Cənubi Amerikanın qərb sahillərindən minlərlə km uzaqda Sakit okeanda yerləşən 16 böyük və yüzlərlə kiçik adalar qrupudur. Qalapaqos adaları sönmüş və aktiv vulkanların su üzərinə çıxmış hissələridir. Adaların səthi nadir bitkilərlə zəngin daşlıqlardan ibarətdir. Burada, həmçinin dünyanın başqa heç bir yerində təsadüf olunmayan heyvanlar da yaşayır. Onların ən böyüyü - nəhəng fil tısbağasıdır. Yeri gəlmişkən, ispan dilində “qalapaqos”- tısbağa deməkdir. İzabella Qalapaqos arxipelaqının ən geniş adasıdır (4588 kv.km). Adaların mərkəzi-qərb sahillərində, Darvin və Alsedo vulkanları arasında yerləşən Urbina körfəzi nəhəng rəngarəng iquanaların, pinqvinlərin və ən iri tısbağaların məskənidir.