Odlar Yurdu

Abşeron Milli Parkı

Azərbaycanın ən kiçik milli parkı olan Abşeron Milli Parkı Prezident İlham Əliyevin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Milli park Abşeron yarımadasının cənub-şərq qurtaracağında – Şah Dili ərazisində yerləşir. Milli Parkın yaradılmasında məqsəd vəhşi təbiətin mühafizəsini, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanmasını təmin etmək, o cümlədən ekoturizm üçün mövcud olan təbii imkanları dəyərləndirməkdən ibarətdir. Abşeron Milli Parkı paytaxt Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli nöqtə, Abşeron yarımadasında ən təmiz dəniz suyu, ən təmiz havası olan məkandır. O cümlədən milli park Azərbaycanın su ilə birləşən ən ucqar quru ərazisidir, flora və faunası ilə tamamilə vəhşi təbiət nümunəsidir. 


Ərazidə yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipi hakimdir. Torpaq örtüyü yaxşı inkişaf etməyib, ərazi əsasən dənizsahili qumluqlarla örtülüb. Burada bitki örtüyünün növ tərkibi xeyli azdır. Dənizsahili qum bitkiləri, cığlı-qamışlı və paz otlu çəmənliklər, birillik şoran otları və s. yayılıb. Efemerlər, yəni birillik çöl və səhra bitkiləri erkən yazda nisbətən yaxşı inkişaf edir. Abşeron Milli Parkında 25-ə qədər bitki, 50-dən artıq quş və heyvan növlərinə rast gəlinir.

 

Burada suda-quruda yaşayanlardan göl qurbağası, yaşıl quru qurbağası, sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, Qafqaz kələzi, Xəzər gekkonu, koramal, uzunayaq Şneyder, əlvan kərtənkələcik, cəld kərtənkələcik, xaltalı eyrenis, suilanı, gürzə və s., quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s. məməli heyvanlardan ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşıb. Xəzər suitisi, fısıldayan qu quşu, adi sultan toyuğu, adi flaminqo, ceyran, qıvrımlələk qutan, kürən vağ və başqaları Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib. Dünyada nadir hesab olunan Xəzər suitisi əsasən may-avqust aylarında milli parkın ərazisindəki Suiti burnunda müşahidə olunur. O, pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib. 


Burada 4 turist marşrutu var. Məsafəsinə görə ən uzağı Azərbaycan xəritəsindəki “qartalın dimdiyi” olan Şah Dili burnudur. Azyaşlılar üçün isə dənizsahili, gölətrafı marşrutlar mövcuddur. Milli Parkın ərazisində turistlər üçün piknik yerləri, dincəlmə nöqtələri də təşkil edilib.