Xəbərlər

27 Mart – Beynəlxalq Teatr Günüdür

Bu günün hər il dünyada keçirilməsi ilə bağlı qərar YUNESKO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilən konqresində qəbul olunub.

 

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibətilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub. Ölkəmizin rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir.

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu gün uğurla həyata keçirilir. Proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna və İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunublar. Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar ölkə teatrlarında müxtəlif tədbirlər keçirilir, tamaşalar göstərilir.