Nağıllar, hekayələr

Terapevtik nağıl. Hündür palıd

Alyoşa adlı bir oğlan vardı. O, çox şən və macəraçı idi. Alyoşanın anası həmişə ona görə narahat olurdu, çünki oğlu olduqca yaramaz idi və onun sözünə qulaq asmırdı.


Bir dəfə Alyoşa səhər tezdən həyətdə gəzib dolaşırdı. Çox erkən olduğu üçün dostlardan heç biri hələ həyətə çıxmamışdı: kimisi səhər yeməyi yeyir, kimisi yatır, kimisə də ümumiyyətlə xəstə olub kədərli şəkildə pəncərənin qarşısında oturub küçəyə baxırdı.


Həyətin ortasında qocaman palıd ağacı var idi. Ağac o qədər böyük idi ki, uşaqlar əl-ələ tutaraq onun kobud gövdəsini çətinliklə əhatəyə ala bilirdilər. Bu palıd ağacı haqqında çoxlu maraqlı və sirli hekayələr danışılırdı. Alyoşa isə, ən çox qapıçı-Petya dayının palıd ağacı haqqında danışdığı hekayəni xoşlayırdı.


Petya dayının hekayəsinə görə, “ağacın başında təkcə budaq və yarpaqlar yox, gözlərdən gizlədilmiş maraqlı bir ölkə var. Budaqlarda böyük və yumşaq bulud, onun üzərində isə çəmənliklər, tarlalar, meşələr və bütöv bir şəhər yerləşir. Lakin, burada hər şey çox kiçikdir. Bu ölkədə sehrli cırtdanlar yaşayır. Onlar həyətə nəzarət edirlər və bəzən hansısa ağıllı və itaətkar uşağın arzusunu yerinə yetirmək üçün aşağı enirlər.” 


Alyoşa uzun müddət balaca cırtdanın onu ziyarətə gəlməsini gözlədi. Lakin Alyoşa çox da sözə baxan uşaq olmadığına görə, cırtdan onun yanına gəlmədi.


Alyoşa həyətdə tək dolaşmaqdan yoruldu və düşündü:


"Heç kim gəlməmişkən palıd ağacına dırmaşmalıyam! Orada cırtdanı tapıb ondan arzumu yerinə yetirməsini istəyəcəm! Eyni zamanda, sehrli ölkəni görmüş olaram, sonra uşaqlara danışacaq bir şeyim olsun”.


Həmişə olduğu kimi Alyoşa anasının ona yüksəklərə qalxmağı qəti qadağan etdiyini tamamilə unutmuşdu.


Anası ona həmişə deyərdi: “Ehtiyatlı ol! Sən hələ balacasan! Pəncərənin altına dırmaşma! Əks halda yıxılıb zədə ala bilərsən! Qəfildən pəncərə açılsa, küçəyə düşə bilərsən! Damda isə pis elflər (pərilər) yaşayır. Hansısa yaramaz oğlan pəncərədən bayıra çıxan kimi dərhal onu qaldırıb uzaqlara, çox uzaqlara aparırlar. Əvvəllər elflərin apardığı uşaqlardan heç biri evə qayıtmamışdır! Hasara, ağaclara da dırmaşmaq olmaz! Çünki elflər həmişə axtarışdadırlar. Əgər çox yüksəkliyə qalxmamısansa, onlar uçaraq gəlib sadəcə səni itələyəcəklər, sən isə yıxılaraq möhkəm zədə ala bilərsən! Amma əgər yerdən çox yüksəklərə qalxmısansa, onda onların sehri səni əbədi olaraq öz yanına aparmağa kifayət edər.”


- Axı niyə itələyirlər? - Alyoşa təəccüblənərək anasından soruşdu.


- Sadəcə zərər vermək üçün! Axı onlar pisdir! - anası cavab olaraq dedi.


- Mən heç vaxt yüksəklərə qalxmayacam – o zamanlar Alyoşa düşünmüşdü, lakin indi tamamilə vədini unutdu.


O, anasının sözlərini və elfləri unutdu. Beləliklə, o, palıd ağacına dırmaşmaq və cırtdanı tutmaq arzusunda idi.


Alyoşa nərdivanı götürüb birinci budağa qalxdı. Daha sonra bir budaqdan digər budağa və beləliklə daha yüksəkliyə dırmaşmağa başladı. Alyoşa qoca palıdın zirvəsinə qalxmağa çalışırdı. O, uzun müddət palıd ağacına dırmandı, dırmandı… ancaq zirvəyə hələ də yaxınlaşa bilmirdi. Artıq torpaq artıq çox aşağıda bir yerdə qalmışdı. Alyoşa budağın birindən tutub dincəlmək üçün oturdu. Oturub düşündü:


“Nahaq yerə, mən bura qalxdım. İndi cırtdanı tutsam, ondan məni yerə endirməsini xahiş etməli olacam. Axxx…necə də maraqsız arzu əldə etmiş olacam! Yaxşı…. heç olmasa sehrli ölkəni görmüş olaram!"


Birdən onun yanındakı budaq titrədi. Yaşıl yarpaqlarda nəsə tərpəndi.


-Oy! - Alyoşa qorxdu - Yəqin ki, bu pis elfdir. İndi o, məni itələyəcək!


Alyoşa tələsik aşağı enməyə başladı, ancaq ayağı sürüşdü və başı aşağı yıxıldı yerə.


Pis elflər onu tuta bilmədilər, çünki onun şalvarı uzun və güclü bir budağa ilişmişdi və məhz buna görə Alyoşa ağacdan asılı qalmışdı.


O, aşağı baxdı, amma torpaq hələ də görsənmirdi. Hardasa uzaqda adamlar danışır, it hürür, maşınların isə siqnal səsi gəlirdi.


Alyoşa çox qorxdu və kömək çağırmağa başladı. Bir-iki dəfə qışqırdı, lakin sonra düşündü:


- Əgər elflər səsimi eşidib arxamca gəlsələr, onda necə olacaq?


Bu haqda fikirləşib susdu, asılı olduğu budaq isə artıq tamamilə əyilib, qırılmaq üzrə idi.


- Burada kim var? - birdən kobud bir səs eşidildi.


Alyoşa nəfəs almağa belə qorxdu.


- Pis elf mənim arxamca gəlib! - o, öz-özünə düşündü.


Sonra budaqlar aralandı və Alyoşa qara saqqal və tüklü qaşlar gördü.


- A-a-a! - Alyoşa qışqırdı. – Kömək edin!


- İndi sənə kömək edəcəm! - deyə baş cavab verdi və yaşıl yarpaqlardan nəhəng bir əl göründü.


- Mənə toxunma! Dedim sənə, mənə toxunma! - Alyoşa çırpınmağa başladı.


- Bura niyə dırmanıbsan? - baş qəzəblə soruşdu və onun əlləri Alyoşanın şalvarından möhkəm yapışdı.

- Cırtdanları tutmaq üçün – Alyoşa cavab verdi.


- Başa düşdüm - baş tərpəndi – Tanış ol! Mən ən vacib cırtdanam!


- Əgər sən həqiqətən cırtdansansa, məni yerə qoy! - Alyoşa xahiş etdi. Sonra əlavə etdi: "Yalnız cırtdanlar, axı onlar balaca olurlar!?"


- Yaxşı yemişəm, ona görə də böyümüşəm! - deyə cırtdan cavab verdi və onu özü ilə aşağı endirdi. Onlar uzun müddətə qoca palıddan endilər. Enəndə məlum oldu ki, bütün qonşular ağacın ətrafına toplaşıblar.


- Bəs cırtdan hardadır?- Alyoşa qapıçı Petya əmidən soruşdu.


- Evə qayıtdı. Onun burada səninlə məşğul olmağa vaxtı yoxdur. O, artıq sənin istəyini yerinə yetirdi!


Alyoşa başını qaldırıb üstü evdən hündür olan hündür palıd ağacına baxdı.


- Yaxşı? De görək, bir daha ağaca dırmaşacaqsanmı? - Petya dayı qalın qaşlarını çatıb Alyoşadan soruşdu. 


- Xeyr. Çox yüksəklərə qalxmaq olmaz! Anam mənə belə deyib – Alyoşa əminliklə cavab verdi.


- Yaxşı, afərin! - deyə qapıçı qara saqqalını sığallayarq gülümsədi.

- Ananı dinləmək lazımdır!