Görkəmli şəxsiyyətlər

Onore de Balzak

Dünya şöhrətli, məşhur fransız yazıçısı Onore de Balzak 1799-cu ilin may ayının 20-də Tur (Fransa) şəhərində dünyaya gəlmişdir. De Balzak — yazıçının əsl soyadı deyildir. Yazıçının atası Balsa Bernar Fransua kəndli ailəsində doğulmuş və sonralar Tur şəhərində bələdiyyə rəisinin köməkçisi işləyəndən – yəni, məmur olandan sonra öz soyadını plebeysayağı hesab etmiş və dəyişdirmişdir.


Onorenin uşaqlığı əyalətdə keçmiş, təhsilini isə əvvəlcə Tur və Vandom kolleclərində almış, 1814-cü ildən isə Paris hüquq fakultəsində davam etdirmiş, eyni zamanda Sorbonna Universitetində ədəbiyyatdan mühazirələr dinləmişdir.


Onore de Balzak XIX əsr görkəmli fransız yazıçı-dramaturqudur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri – "Bəşəri komediya" və ya "İnsan komediyası" adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Yazdığı yüzdən artıq roman və pyesləri birlikdə "İnsan komediyası" (La Comédie humaine) adı altında tanınır. Bu əsərlər toplusu və ya seriyası 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırıb. İlhamın, istedadın, yaradıcı təxəyyülün qüdrəti etibarilə o, Nizami Gəncəvi, Aligyeri Dante, Uilyam Şekspir, Lev Tolstoy kimi sənətkarlarla bir cərgədə dayanır. Yüz əlli ildən çoxdur ki, onun şəxsiyyəti, zəmanəsi, dünyagörüşü, fövqəladə həcmə və dəyərə malik olan bədii irsi ətrafında gedən mübahisələr səngimək bilmir. Realist sənətin, dünya mədəniyyətinin ən mütərəqqi ənənələrinin varisi olan sosialist bədii fikrinin inkişafını Balzaksız təsəvvür etmək olmaz. Fransız, o cümlədən Avropa tənqidi realizminin ən parlaq dövrünün Balzakın yazıb-yaratdığı, təşəkkül tapdığı 20-40-cı illərə təsadüf etməsi də həmin dayaq, zəminlə bağlıdır. Dahi sənətkar bütün ömrünü həsr etdiyi 97 novelladan, povestdən və romandan ibarət ölməz epopeyası – "Bəşəri komediya" yaratmışdır. "Bəşəri komediya"nın ilk əsərləri 1829-cu ildə, sonuncular isə 1847-ci ildə yazılmışdır. Epopeya üç hissəyə ayrılır: "Əxlaqi tədqiqlər", "Fəlsəfi tədqiqlər", "Analitik tədqiqlər". Onun "Qorio ata" romanı "Bəşəri komediya"nın sütunlarından biridir. Balzak özü "Bəşəri komediya"nı "üç-dörd min iştirakçısı olan dram" adlandırmışdır. Əsəri külliyyat halında oxuyan kəs özünü nəhənglər məmləkətinə düşmüş Qulliver kimi hiss edir. Bu əsərdə yazıçı yoxsul tələbələrin, katorqaçıların, müflisləşmiş burjuaların, pozğun və amansız kübar qadınların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə "ictimai mühərrik"in doğurduğu münasibətləri, insanlara aşıladığı eybəcər əqidəni, yaratdığı mənəvi uçurumu qüdrətlə əks etdirmişdir. Balzakın “Qobsek” (1830, Balzaka ilk söhrət gətirən əsərlərdən biri), “Qorio Ata”, “Ejen Qrande”, “İtirilmiş xəyallar”, “Kurtizankanın dəbdəbə və səfaləti” və s. kimi dahiyanə əsərləri vardır. 


Onore de Balzakın yaratdığı əsərlər çox rəngarəng və çox maraqlı olduğu kimi, onun sevgisi və evlənməsi də diqqət çıkmişdir. Belə ki, Onore de Balzak, sən demə, Rusiyada yaşayan polyak əsilli bir zadəgan qadın E. Qanskaya ilə yazışır, məktublaşırmış. Maraqlı olan odur ki, bu yazışma nə az, nə çox, düz 18 il davam edir.


Uzun yazışma və görüşlərdən sonra nəhayət 1850-ci ildə Balzak və Evelina evlənmək qərarına gəlirlər. Toy 1850-ci il 14 mart səhər saat 7-də Müqəddəs Varvarada baş tutur. Lakin bu evlilik çox uzun sürmür. Evləndikdən cəmi 5 ay sonra yazıçı 1850-ci il avqust ayının 18-də dünyasını dəyişmişdir.