Nağıllar, hekayələr

Zahid Xəlil. "Ağacların suya düşən kölgəsi"

Ağacların suya düşən kölgəsi dərin fikrə getmişdi. Hətta onlar demək olar ki, tərpənmədən fikirləşirdilər ki, görəsən nə dadırlar və nə üçün balıqlar yosun yemək üçün onları tapdalayıb keçir, amma bu gözəllikdə söyüd kölgəsinə əhəmiyyət belə vermirlər. Bu, əlbəttə, tam ədalətsizlik idi və yəqin ki, belə bir özbaşınalığa dözmək olmazdı.
—Ehey, Xəşəm, bəlkə bir mənim də dadıma baxasan hə?! — deyə salxım söyüdün kölgəsi dilləndi.


Xəşəm isə onun yanından elə sürüşüb keçdi ki, elə bil bu boyda ağacın kölgəsi ondan heç nə soruşmamışdı. Bu zaman külək başladı. Külək söyüdə nə deyirdisə, ağac qəti etiraz edərək başını bulayırdı. Bundan hirslənən külək bir az da şiddətləndi ki, bəlkə söyüdü yola gətirə. Amma söyüd daha böyük qəzəblə onu rədd edirdi. Kölgələr isə eynilə öz sahiblərini yamsılayır, başlarını bulayır və beləliklə balıqlara yandı-qındı verirdilər. Bir sözlə, aləm bir-birinə dəymişdi.
—Eybi yoxdur, yaramazlar, deyə kölgələr balıqları hədələyirdilər. İndi görərsiniz!


Bir azdan doğrudan da maraqlı bir iş oldu. Hardansa ördəklər bu gölə qondular. Bu zaman kölgələr heç bilirsinizmi neylədilər? Onlar başlarını qaldırıb ördəklərin ayaqlarını sığallamağa başladılar. Ördəklər isə bədənlərində xoş bir sığal hiss etdikləri üçün xoşbəxt-хоşbəхt üzməyə başladılar. Bax bu zaman həmin ördəklərin xoşbəxtliyinin bir hissəsi kölgələrin payına düşdü. Aхı onlar kimisə xoşbəxt edə bilmişdilər.