Xəbərlər

Bu gün Ümumdünya Görmə Günüdür

Ümumdünya Görmə Günü Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı qeyd edilir. Həmin tarix kor, görmə pozğunluğu və görmə zəifliyi olanların problemlərinə ictimai diqqəti yönəltmək üçün təqvimə salınıb.

 

Ümumdünya Görmə Gününə həsr olunan tədbirlərdə həmin problemlə əlaqədar olan müxtəlif təşkilatlar iştirak edir. Həmçinin həmin günün qeyd olunması Dünya Səhiyyə Təşkilatı və korluğun profilaktikası üzrə "Baxış 2020: görmə haqqı" beynəlxalq təşkilatı üçün də əhəmiyyətli hadisədir.

 

Xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitaminin çatışmazlığı daxil edilir. Dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi daha geniş yayılıb.

 

Korluğun profilaktikası üzrə beynəlxalq agentliyin məlumatına görə, dünyada təxminən 285 milyon nəfərin görmə problemləri var, onlardan 39 milyonu görmə qabiliyyətini tamamilə itirib, 246 milyon nəfərin isə yüngül və ağır görmə pozuntusu var. Göz xəstəlikləri 19 milyondan çox uşağa da xətər yetirib. Görmə pozuntusu ilə üzləşənlərin 65 faizi yaşı 50 və daha yuxarı olanlardır. Bununla belə, vaxtında müalicəyə cəlb edilməklə 80 faiz halda korluqdan yaxa qurtarmaq mümkündür.

 

Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifçilik və profilaktika tədbirləri aparılır, oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Vaxtaşırı həkim müayinəsindən keçmək və xəstəliyin erkən vaxtlarında aşkar edilməsi nəticəsində görmə ilə əlaqədar daha ciddi problemlərin qarşısını almaq mümkündür. Həkim məsləhətlərinə və sağlam həyat sürməyin ən sadə qaydalarına əməl etməklə görmə qabiliyyətini uzun müddət saxlamaq olar.