Görkəmli şəxsiyyətlər

Norbert Viner

Təbiətşünaslığın problemlərilə yaxından maraqlanan bu insanın adı 1948-ci ildə “Kibernetika” adlı kitabı ilə bütün dünyaya tanındı. Norbert Viner rabitə nəzəriyyəsi sahəsində böyük xidmətləri olan, ilk hesablama maşınlarının yaradılmasında iştirak edən tanınmış amerika riyaziyyatçısıdır. 

 

Heç nə kitabın belə sensasiya doğuracaq uğurunu qabaqcadan xəbər vermirdi. Viner 1946-cı ildə Parisdə riyaziyyat üzrə konfransda olarkən, naşirlərdən biri ona avtomatlar(maşınlar) və insanın sinir sistemi arasında əks-əlaqə haqqında kitab yazmağı təklif edir.

 

Kitab üzərində işləməyə başlayarkən, Viner uzun müddət onun adı haqqında düşünür. O, elə bir söz tapmaq istəyirdi ki, bu söz idarəetmə, informasiya və rabitə ideyalarını özündə birləşdirsin. Öz seçimini o, yunan sözü olan “kibernetika” üzərində saxlayır (bu sözü ilk dəfə qədim yunan filosofu Platon işlədib, Amper XIX əsrdə insan cəmiyyətinin idarə olunması haqqında elmi belə adlandırmağı təklif edib).

 

“Kibernetika” böyük xətalarla çap edilmişdi və naşir kitabın kommersiya baxımından gələcəyini yüksək qiymətləndirməmişdi. Lakin bu kitab həqiqi bestseller oldu. XX əsrin ən populyar kitablarından birinə çevrildi. “Kibernetika” sözü qeyri-adi populyarlıq qazandı, Vinerin ideyaları isə insan düşüncəsində iz qoydu. 

 

Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərciyində (Missuri ştatı, ABŞ) anadan olub. Atası poliqlot, slavist(slavyan filologiyası mütəxəssisi), ədəbiyyat bilicisi, tərcüməçi idi. Viner kiçik yaşlarından qədim dilləri, təbiət elmlərini öyrənir, çox mütaliə edirdi. O, fövqəladə istedada malik idi: orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirmişdi (onda elmlər bakalavrı dərəcəsini almışdı). 17 yaşında incəsənət magistrı olmuş, 18 yaşında isə riyazi məntiq sahəsində fəlsəfə doktoru adını almışdı. Harvard universitetinin təqaüdünü alan Viner Kembric və Gyottingen universitetlərində təcrübə keçirdi. O, Bertran Rassel, Qodfri Hardi, Edmund Landau, David Hilbert və başqa tanınmış riyaziyyatçılar ilə tanış idi.

 

Birinci Dünya Müharibəsindən sonra(1918) Viner riyaziyyatda görkəmli nailiyyətlər əldə etdi. O, XX əsrin 20-ci illərində Broun hərəkətini xarakterizə edən Viner prosesini müəyyənləşdirmiş və 30-cu illərdə riyaziyyatda böyük hadisə olan Helfondun Banax cəbri nəzəriyyəsi üçün təməl daşlarından biri olan harmonik analiz üzrə mühüm işlər nəşr etdirmişdi. 1932-ci ildən Viner Massaçusets Texnologiya İnstitunun professoru olub.

 

İkinci Dünya Müharibəsi dövründə(1939-1945) Norbert Viner əsasən aviasiya və zenit artilleriyasının ehtiyacları ilə bağlı tətbiqi problemlərlə məşğul olub. 

 

Müharibə illərində Viner Prinstonda riyaziyyatçılarla yanaşı neyrofizioloqların, hesablanma texnikası və rabitə nəzəriyyəsi üzrə mütəxəssislərin də iştirak etdiyi seminar təşkil edib. Bu seminar, faktiki olaraq, sonralar “kibernetika” adını almış elmi istiqamətin başlanğıcı olub. 

 

SSRİ-də kibernetika ideyaları həddən artıq mənfi qarşılanıb.

 

Lakin artıq 1958-ci ildə Norbert Vinerin hər iki kitabı- “Kibernetika, yaxud Heyvan və maşında idarəetmə və əlaqə” və “Kibernetika və cəmiyyət”rus dilində dərc olunur. 

 

Viner ömrünün son illərində öz ideyalarını təbliğ edərək çoxlu səyahət edir. Moskvada da olmuş, orada riyaziyyatçı, biokimyaçı və psixoloqlarla görüşüb, Politexnik muzeyində məruzə ilə çıxış edib.

 

Viner 19 mart 1964-cü ildə vəfat edib.