Xəbərlər

15 oktyabr - Ümumdünya Əl Yuma Günüdür

BMT-nin Uşaq Fondu (YUNİSEF) 15 oktyabr tarixini rəsmən Ümumdünya Əl Yuma Günü elan edib. Bu təşəbbüs ilk dəfə BMT Baş Məclisi tərəfindən Sanitariya İli elan olunmuş 2008-ci ildə keçirilən tədbirlər çərçivəsində rellaşdırılıb. Həmin gün BMT-nin dəstəyi ilə bütün dünyada təşkil edilən genişmiqyaslı aksiyaların əsas məqsədi - xüsusən Asiya, Afrika və Cənubi Amerika ölkələrində bir sıra xəstəliklərin profilaktikasına əsas yanaşma kimi bu sadə, lakin çox əhəmiyyətli gigiyenik prosedura əməl olunmasının zəruriliyinə ictimaiyyətin diqqətini cəlb etməkdir. 

 

BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin   qənaətinə görə “çirkli əllər”dən yaranan xəstəliklər qlobal səviyyədə fəlakətə yol aça bilər.

 

Yuyulmamış əllər problemi dünya miqyasında fəlakətli nəticələrə gətirib çıxarır. Yuyulmamış əllər vasitəsilə insan orqanizminə düşən törədicilər vəba, virus pnevmoniyası, hepatit, kəskin respirativ virus infeksiyaları kimi dəhşətli xəstəliklərə səbəb olur. Asiya və Afrikada uşaqlar arasında ölüm hallarının yüksək olmasının əsas səbəblərindən biri çirkli əllərdir. Ona görə ki, əllərin mütəmadi olaraq yuyulmaması adi soyuqdəymə, konyuktivit, qaşınma, müxtəlif göbələk xəstəlikləri kimi xoşagəlməz nəticələr doğurur. YUNİSEF-in məlumatına görə “Çirkli əllər xəstəliyi” adlanan diareya hər il beş min uşağın ölümünə səbəb olur. Əgər onlar əllərini sabunla yumuş olsaydılar, bu sayı yarıya qədər azaltmaqla ölümün qarşısını almaq mümkün olardı. Buna görə də adi görünən bu gigiyenik prosedur  hər gün minlərlə uşağın həyatını xilas edir.