Xəbərlər

8 dekabr - Beynəlxalq Rəssamlar günüdür

8 Dekabr, 2007-ci ildə "Dünya Xalqları Sənəti" Beynəlxalq Assosiasiyasının tərəfindən təsis edilən Beynəlxalq Rəssamlar Günü kimi qeyd edilir.


Bəzi yaradıcılıq dərnəkləri, sənət ustaları isə bu xüsusi günün 25 oktyabrda - məhz 20-ci əsrin ən böyük sənətkarı hesab edilən Pablo Pikassonun doğum günü tarixində qeyd edilməsini təklif edirdilər. 


Rəssamlar Günü təkcə peşəkarlar və sənət həvəskarları üçün xüsusi gün deyil. Yaradıcılıq insana dünyadan zövq almağı və onu sevməyi bəxş edir. Buna görə də bugünkü bayram həmçinin bütün gözəllik, rəngarənglik, təbiət sevənlər üçün xüsusidir.


Rəssamlıq peşəsi min illər boyu meydana gəlib: ibtidai icma dövründən qədim insanlar daş, qaya üzərində ilk rəsm əsərlərini yaratmağa başladılar. Qədim Misirdə qədimdən rəssamlara çox hörmət edilirdi. Yaradılan təsvirlərin sehrli bir təsirə sahib olduğuna inanılırdı. Orta əsrlərdə rəssamlığın əsas istiqamətləri ikon rəssamlığı, freska (suvağı qurumamış divarda sulu boyalarla işlənir) və mozaika yarandı. İntibah dövründə isə bu gün də aktuallığını itirməyən Portret janrı inkişaf etməyə başladı.


Beynəlxalq Rəssamlar günü tarixdə iz qoyan rəssamları xatırlatmaq üçün başqa bir səbəbdir: onların gözləri ilə tarixə nəzər salırıq, dünyamızın nə qədər gözəl olduğunu başa düşürük. 


Bu gün bayram şərəfinə mədəniyyət müəssisələrində, muzeylərdə, qalereyalarda bir çox müxtəlif tədbirlər  və tematik sərgilər keçirilir.