Yumor

Atanın duası

Mollanın iki qızı var imiş. Bir gün onların hər ikisinə baş çəkməyi qərara alır. Durub qabaqca gəlir böyük qızının yanına. Bir az ordan-burdan söhbət eləyəndən sonra qız deyir: 
– Kürəkənin bu il buğda əkib. Mənə də söz verib ki, əgər yaxşı yağış yağıb, bol məhsul olsa, mənə bir dəst ipək paltar alsın. Molla yağışın yağması üçün bir az dua eləyir. 


Sonra durub kiçik qızının yanına gedir. Burada da bir qədər söhbətdən sonra kiçik qız deyir: – Kürəkənin çoxlu pambıq əkib. Bu saat hamısı güldür. Deyir əyər yağış yağıb pambığı xarab eləməsə, mənə bir dəst paltar alacaq. Molla burada da yağışın yağmaması üçün dua eləyir, sonra durub gedəndə deyir: 
 – Bala, dünyanın işi belədir. Bacının birinə yağış lazım olur, birinə quraqlıq. Atanın da əlindən o gəlir ki, hər ikisi üçün dua eləsin.