Təbiət

Qotazlı və ya boksçu yengəc

Boksçu yengəc adlandırılan kiçik yengəc növü Havay adalarında yaşayır. Qısqaclarında aktinilər və ya dəniz anemonları adlanan dəniz poliplərini saxlayır. Bu poliplər sayəsində qısqacları qotaz və boksçu əlcəklərinə bənzəyir. Ona görə də, bu yengecə qotazlı yengəc və ya boksçu yengəc adı verilib. 

 

Havay dilində “kūmimi pua” adlandırılır ki, mənası “yeyilməyən yengəc” deməkdir. Yengəcin üst qabığının genişliyi 13 mm-dək çata bilir. Bu qabıq çəhrayı, qəhvəyi və ya sarı rəngdə, qeyri-adi çoxbucaqlı naxışlar şəklindədir. Ayaqları, əksər yengəc növlərində olduğu kimi ağır zirehli deyil, incə və zərifdir. İncə təbəqəli qum və çınqıl üzərində demək olar ki, görünməzdir. Düşmənlərdən qorunmaq üçün aktiniləri tutaraq qısqaclarının arasına sıxışdırır. Zamanla aktinilər yengəcin bir parçası halına gəlir, həmçinin artıq qida qalıqları ilə bəslənir. Aktiniləri tutub saxlamaq üçün, yengəcin kiçik maqqaş kimi qısqacları var. 

 

Araşdırma zamanı pom pom yengəcinin tutduğu aktiniləri onun qısqacından zorla alıblar. Bundan sonra o, digər yengəcin aktinilərini oğurlamağa çalışıb. Oğurluq zamanı ikiyə bölünən aktinilər özünü klonlayır. 

 

Nəticə olaraq, yengəcin tutduğu aktinini iki yerə bölür, bundan sonra iki yerə bölünmüş aktini özünü klonlayır və beləliklə yeni bir xüsusi aktini yaranmış olur. Bu, bir heyvanın digər heyvanı aseksiya yolu ilə (dişi və erkək cins olmadan) yaratdığı ilk hadisədir.