Təbiət

Dünyanın ən parlaq meyvəsi- Pollia böyürtkəni

Pollia böyürtkəni və ya mərmər böyürtkəni adlanan bu ot bitkisinin parlaqlığı və rəngi dünyada heçbir yaşayan canlıda rast gəlinmir. Pollia-yeyilməyən böyürtkən növüdür. Öz dolğun metallik göy rəngi ilə seçilən “pollia condensata” yumru, bərk, quru, lətsiz və ətsiz, tumdan ibarət bir meyvədir. Dadsız olmasına baxmayaraq, gözqamaşdırıcı rəngi sayəsində quşlar belə onun dadına baxmadan yan keçə bilmir. 

 

Canlılar dünyasında rənglər piqmentlərdən təşkil olunub. Piqmentlər canlı orqanizmin istehsal etdiyi birləşmələrdir. Piqmentlər, işığın bəzi dalğa uzunluqlarını seçərək onları udur, əks etdirdikləri dalğa uzunluqları isə gördüyümüz rəngləri verir. Ancaq mərmər böyürtkənində istisna bir hal var. Bu meyvənin piqmenti yoxdur. Ona, bu parlaq mavi rəngi verən isə, bitki qabığının hüceyrə divarlarında sıra-sıra düzülmüş liflərdir. 

 

Kembric Universitetindən Silviya Vignolini bu meyvənin sirrini kəşf etdi. Silviyanın Ullriç Steynerin rəhbərliyi altındakı qrupu, bitki aləmində işığı sındıraraq keçən bir növ axtarırdı. Silviya bir tövsiyə ilə mərmər böyürtkənini axtardı və bitkinin bir nümunəsini tapdı. Nümunə, 1974-cü ildə Qanadan toplanmışdı, dərilməsinin üstündən 40 il keçmişdi, lakin yenə də hər zaman olduğu kimi parlaq idi. 

 

Pollia böyürtkənində piqment olmadığı üçün, struktur rəngləri korlanmır, buna görə meyvələr onilliklər boyu indicə dərilmiş kimi parıltısını qoruyub saxlayır. Mikroskop altında, Silviya meyvənin xarici hissəsinin qalın divarlı hüceyrələrinin üç-dörd qatdan ibarət olduğunu gördü. Hər bir hüceyrədə selüloza liflərindən düzəldilmiş daha çox təbəqə var. Liflər hamısı bir-birinə paralel gedir, lakin hər bir təbəqə yuxarıdakı təbəqəyə nisbətən əyri dayandığı üçün,zərif bir spiral yaradır. İşıq üst qatı vurduqca bəziləri əks olunur, qalanlarında isə kəsib keçir. Bu hadisə bir qatdan digər qata keçərək davam edir. 

 

Meyvənin başqa bir unikal hiyləsi də var. Selüloza təbəqələri arasındakı məsafə hüceyrədən hüceyrəyə qədər dəyişir. Bu o deməkdir ki, əks etdirdikləri işığın dalğa uzunluğu hüceyrədən hüceyrəyə dəyişir. Yəni ki, rənglər sizin meyvəyə hansı bucaqdan baxmağınızdan aslıdır. 

 

Ullriç Steynerə görə mavi rəng üstünlük təşkil edir, ancaq meyvədə qırmızı, yaşıl və ya sarı rənglər də var. Mikroskop altında baxdıqda, bu rənglər kompyuter ekranında olduğu kimi, piksel şəklində görünür. 

 

Bu bitki, Afrikanın cənubunda, Anqolada bitir. Böyük, hamar, nazik yarpaqları var. Meyvələrin diametri 4 mm-dir.