Bu maraqlıdır!

Hansı təhlükələrlə rastlaşa bilərik

Elm və texnika sürətlə inkişaf edir. Lakin bununla yanaşı, qəza halları da durmadan artır. İl ərzində yüzlərlə insan məişətdə və ictimai yerlərdə baş verən qəzalar nəticəsində dünyasını dəyişir və yaxud müxtəliftipli xəsarətlər alır. Bu isə adi təhlükəsizlik qaydalarını bilməməkdən və yaxud onlara əməl etməməkdən irəli gəlir.


Bu gün respublikamızın regionlarında uşaqların doyunca əylənə biləcəyi parkların, uşaq əyləncə mərkəzlərinin olması hamımızı sevindirir. Yəqin ki, boş vaxtlarınızda valideynlərinizlə bu uşaq əyləncə mərkəzlərinə, parklara, yayda isə çimərliklərə getməyi çox sevirsiniz. Lakin vaxtınızı maraqlı keçirmək istədiyiniz bu cür yerlərdə gigiyena və təhlükəsizlik qaydalarına əməl etməməyiniz bəzən xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.


Elektrik xətlərinin həddindən artıq qızması və elektrik şəbəkələrinin normadan artıq yüklənməsi elektrik xəttində qısaqapanmalara - yanğınlara səbəb olur. Elektrik yanğınlarının söndürülməsində qətiyyən sudan istifadə etmək olmaz. Bu yanğının artması və eyni zamanda onu söndürməyə çalışan insanın elektrik vurması ilə nəticələnə bilər. Uşaqların elektrik cihazları ilə oynaması, elektrik şəbəkəsinə hər hansı bir əşya ilə müdaxilə etməsi, elektrik cihazlarını suya yaxın tutması və s. nəticəsində də elektrik vurmaları baş verə bilər. Elektrik cərəyanı bütün orqanizmə, ilk növbədə isə sinir sisteminə təsir göstərir. Bu halda qıcolma baş verir, bədən soyuyur, ürəyin fəaliyyəti zəifləyir və əksər hallarda insan dünyasını dəyişir.


Gündəlik həyatımızda bədən temperaturunu ölçmək üçün civəli termometrlərdən geniş istifadə olunur. Lakin ehtiyatsızlıq nəticəsində termometr sına və civə ətrafa yayıla bilər. Civə dağılmaları zamanı aşağıdakı qaydalara əməl etmədikdə bədənə daxil olan civə təzyiqin yüksəlməsinə, infarkta, dəridə qızartıların və yaraların yaranmasına, gözlərin sulanmasına səbəb ola bilər.


Civə dağılarsa:


– Civə damcılarının üstünə çıxmamalı və təcili azyaşlı uşaqları həmin yerdən uzaqlaşdırmalı;
– Pəncərəni açmalı;
– Yerə tökülən civə parçalarını təmizləmək üçün tozsorandan istifadə etməməli;
– Plastik (rezin) əlcək geyib yerdəki civə damcılarını bir vərəqlə və ya yumşaq fırça ilə kağıza yığmalı;
– Yığılmış damcıları su ilə dolu şüşə qaba boşaldıb ağzını bağlamalı;
– Sınıq termometrdə qalmış civəni də bu qaba atmalı;
– Civənin dağıldığı yer sabun-soda məhlulu ilə isladılmalıdır.


Təhlükəsizlik qaydalarına əməl etməmək bir sıra bədbəxt hadisələrə səbəb ola bilər. Belə hallarda zərərçəkəni xilas etmək üçün vaxt itirmədən ilkin tibbi yardım göstərilməli və təcili olaraq həkimə müraciət olunmalıdır.