Təbiət

Gəmiricilər sinfinə aid ən böyük heyvan- Kapibara

Kapibara Çili istisna olmaqla, Cənubi Amerikanın bütün ölkələrində yaşayır. Ona həm də su donuzu deyilir. 

 

Dünyada yaşayan gəmiricilər sinfinə aid ən böyük heyvandır. Bu canlı, Hydrochoerus cinsinə daxil olan, yaşayan iki üzvdən biridir. Digəri lesser kapibarasıdır. 

 

Kapibaralar savannalarda, sıx meşə və çaya yaxın ərazilərdə yaşayır. Otyeyən məməlidir. Həmçinin sosial canlıdır. Əsasən 10-20 fərddən ibarət qruplarda yaşasalarda, fərdlərin sayı bəzən 100-ə çatır.

 

Qrup, bala kapibaralar, dişilər, tabe edilmiş erkəklər və onlara liderlik edən bir erkəkdən ibarətdir. Gündüz həyat tərzi keçirən kapibaraların əsas düşməni timsahlar, vəhşi itlər, anakonda, oselot və yaquarlardır. Ot və su bitkiləri ilə qidalanan kapibaralar yaxşı üzgüçü olduğundan, suya baş vura bilirlər. Göz, burun və qulaqların yerləşmə xüsusiyyətlərindən asılı olaraq, üzərkən suyun üzərində qalırlar. Gövdəsini suyun altında, burun dəliyini isə suyun üzərində tutaraq düşmənlərindən qoruna bilirlər. 

 

Kapibaranın əti yeməli hesab edildiyindən, Cənubi Amerikanın bir çox ölkələrində, xüsusilə Venesuelada ovlanır. Venesuelada əti, dərisi və piyinə görə xüsusi fermalarda yetişdirilir. Piyindən ətriyyatda istifadə edilir. 

 

Ağır gövdəyə sahib bu canlının üst hissəsi qırmızı-qonur, boz, alt hissəsi isə sarıqonur rənglərdə olur. Qısa başı, çəllək formalı bədəni, donuza bənzər üzü olan kapibaralar 50-62 sm hündürlükdə, 106-134 sm uzunluqda və 35-66 kq çəkidə olur. Ancaq bundan daha artıq çəkiyə sahib kapibaralara da rast gəlinir. Vəhşi təbiətdə, Braziliyada yaşayan 91 kq dişi, 73.5 kq erkək Uruqvayda, və San Paoloda 81 kq-lıq kapibara qeydə alınıb. Dişilər erkəklərdən biraz daha böyük olur. Ön ətraflarında 4, arxa ətraflarında 3 barmaq və barmaqlar arasında pərdə var. Həmçinin çox güclü dırnaqlara sahibdirlər.

 

9-10 il həyat sürsələrdə, vəhşi təbiətdə cəmi 4 ilə kimi yaşaya bilirlər. Çünki, yaquar, qartal, pumalar tərəfindən ovlanırlar. 2-8 arası balası olur. Balalar doğulduqdan sonra südlə yanaşı, otla da qidalanırlar.