Görkəmli şəxsiyyətlər

Manuel Vasko Da Qama

Kolumbun coğrafi kəşflərindən sonra Portuqaliya da sərvət toplamaq üçün yeni torpaqlar axtarışına başladı. Portuqallar Afrikanın cənubundan dəniz yolu ilə Hindistana çatmaq planı hazırladılar. Bu məqsədlə Portuqaliya kralı 1497-ci ildə 4 gəmi, 170 nəfərlik heyətlə Lissabondan Hindistana ekspedisiya göndərdi. Ekspedisiyaya rəhbərliyi 28 yaşlı gənc dənizçi Manuel Vasko da Qamaya tapşırdılar.


Vasko da Qama Portuqaliyada zadəgan ailəsində anadan olmuşdu. Yaxşı təhsil almış və dəniz döyüşlərində iştirak etmiş Vasko özünü cəsur dənizçi kimi göstərmişdi. Qızıl yüklənmiş Portuqaliya gəmisini fransızların əsarətindən azad edəndən sonra isə bütün Portuqaliya onu tanıdı.


Ekspedisiya üzvləri dörd ay üzdükdən sonra Afrikanın cənub sahillərinə çıxdılar. Onlar Ümid burnundan Hind okeanına keçərək daha 3 ay Afrikanın şərq sahilləri ilə irəlilədilər.


Nəhayət, 1498-ci il mayın 20-də Portuqaliya gəmiləri Hindistanın Kəlküttə şəhərinə yaxınlaşıb lövbər saldı. Hindistanla ticarəti öz əllərində saxlayan ərəb tacirləri avropalıların bura gəlişindən narahat oldular. Müsəlman tacirləri hər yerdə Vasko da Qamanın dəniz qulduruna oxşadığını deyirdilər. Onun gətirdiyi hədiyyələrə – parçalara, şlyapalara, mərcan muncuqlara lağ edirdilər. Avropalılar gətirdikləri malları çoxlu ədviyyata – darçın, mixək və qara istiota dəyişib tələsik şəhəri tərk etdilər.


1499-cu ilin sentyabrında Vasko da Qama Portuqaliyaya qayıtdı. Ekspedisiya heyətinin yalnız üçdə biri qayıtmışdı. Amma qazanc çox idi. Portuqaliyalılar gətirdikləri ədviyyatı sataraq ekspedisiyaya xərclədiklərindən dəfələrlə çox qazanc götürdülər. Beləliklə, tapşırıq yerinə yetirildi: Hindistana Afrikanın cənubundan su yolu tapıldı.


Vasko da Qama ikinci dəfə Hindistana 1502-ci ildə 20 gəmidən ibarət güclü donanma ilə yollandı. Portuqallar odlu silahdan istifadə edərək Afrikanın Hind okeanı sahillərini, Ərəbistan və Hindistan yarımadalarını müstəmləkəyə çevirdilər.


Onlar şəhərlərin əhalisini qırır, vəhşicəsinə çapıb-talayırdılar. Kəlküttə şəhərini top atəşinə tutaraq darmadağın etdilər. Ədviyyatı, qızılı, gümüşü, daş-qaşı silah gücünə alıb gəmilərə doldurdular. Beləliklə, böyük coğrafi kəşflər müstəmləkə işğallarının başlanmasına zəmin yaratdı.


1524-cü ildə Vasko da Qama Hindistana vitse-kral təyin olunsa da, ölümü gələcək müstəmləkə planlarını həyata keçirməyə mane oldu.