Bu maraqlıdır!

Afrika siveti

Afrika siveti - Viverralar fəsiləsi, Afrika sivetləri cinsinə daxil olan yeganə növdür. Cənubi Afrikanın şərq bölgələrində, əsasən Seneqaldan Somali və Namibiyanın cənubuna qədər ərazilərdə geniş yayılıb. 

 

Bəzən onlara sadəcə Viverra deyilir. Bu yırtıcı heyvanın müşkü ilk növbədə parfümeriya sənayesində istifadəsinə görə xüsusilə qiymətlidir.

 

Xarici görünüş baxımından Afrika sivetləri pişiyə bənzəyir. Başı da daxil olmaqla Afrika sivetinin bədən uzunluğu 680-890 mm, quyruğu 445-463 mm, çəkisi isə 7-20 kq-dır. Enli kəllə quruluşuna sahibdir. Qulaqları qısa və itidir. Bədənləri uzun və kök formadadır. Orta uzunluğa malik olan quyruqları bədəninin yarısına bərabərdir. 

 

Afrika sivetinin xəzi uzun və sıx, xüsusən də quyruqda qalındır. Nadir xəz sayıldığından qiymətlidir. Xəzinin əsas rəngləri — sarı-boz, üzərində isə tünd qonur ləkələr vardır. Yal bədənin ortasından başlayır və quyruqda bitir. Quyruğundakı xəz isə daha sıxdır. Quyruq nahiyəsində 5 qara dalğavari zolaq var. Quyruğun özü isə tünd qonur sonluqla bitir. Sekresiya bezləri quyruq altındadır, bu sivetin məhvinə səbəb olan ətriyyat üçün xammaldır. 

 

Afrika sivetinin (Civettictis civetta) 6 yarımnövü vardır.

 

Afrikalı sivet kifayət qədər yüksək sıx ot örtüyü olan meşələrdə və savannada geniş yayılıb. Əsasən tək yaşayır.

 

Yuvalardan yalnız balaları olduqda istifadə edir. Yuvalarını adətən qarışqayeyənlərin yuvasında, kiçik mağaralar və ağac boşluqlarında qururlar. Bu heyvan gecələr fəaldır. Yaxşı üzə bilsə də, vaxtının çoxunu torpaq üzərində keçirir. Hər şey yeyəndir: gəmiricilər, quşlar, yumurta, sürünənlər, qurbağalar, xərçəngkimilər, böcəklər, meyvələr və bitki ilə qidalanır. 

 

Afrika sivetinin dişisi ildə iki-üç dəfə dünyaya bala gətirir. Hamiləlik 60-72 gün davam edir, lakin 81 günə qədər də davam edə bilər. 1-4 bala dünyaya gəlir və bir neçə gündən sonra gözlərini açır. Afrika sivetinin balaları 14-20 həftə ərzində ana südü ilə qidalanır və 12 aya qədər yetkinlik yaşına çatır. 

 

Afrika siveti azadlıqda 28 il yaşayır.

 

Sivet müşkü Orta əsrlərdə Avropada qızıl qiymətinə qiymətləndirilirdi, çünki dərman və ətirlərdə geniş istifadə edilirdi. Keçmişdən bu günə kimi yerli sakinlər sivetlərdən müşk toplamaq üçün onları əsir götürürlər və azadlığa buraxmırlar. Efiopiyada yerli sakinlər həftədə bir neçə dəfə, bir sivetdən orta hesabla gün ərzində 3-4 qr arasında müşk toplayaraq baha qiymətə satırlar. 1934-cü ildə Afrikada 2475 kq-a qədər sivet müşkü yığılaraq ABŞ-a idxal edilib. Hal-hazırda müşk ticarəti zəifləyir, çünki sintetik müşk getdikcə yayılmağa başlayır. 

 

Bir çox elm adamı Civettictis cinsinin yoxolma təhlükəsi altında olduğunu düşünür. Bu heyvanın adı Beynəlxalq Qırmızı Kitaba düşüb.