Xəbərlər

5 may – “Xalçaçı Günü”dür

Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq dörd ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur.

 

AZƏRTAC xəbər verir ki, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı.

 

Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.

 

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.

 

Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı yaradılaraq fəaliyyətə başlayıb.

 

“Azərxalça”nın istehsalı olan məhsullar xalçaçı-rəssamlar tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda qədim və orijinal xalçaların əsasında yeni çeşnilərin elektron variantı hazırlanıb. Bu çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılıb. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına daha çox üstünlük verilir.

 

 

"Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

 

"Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan xalçası" brendi adı ilə satılır.

 

Azərbaycan xalçalarının ixracı üçün ABŞ, Rusiya, Yaponiya, İsveç kimi ölkələrin şirkətləri ilə əlaqələr qurulub. 2019-cu ildə İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət edib. Təklif dəyərləndirilib, Stokholmun "Vikjö" ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb.