Bu maraqlıdır!

Katib quşu

İlancıllar və ya Katib quşu (Sagittarius serpentarius) — qızılquşkimilər dəstəsinə aid quş növüdür.

 

Sagittariidae cinsinə aid olan bu Afrika quşu çox uzun ayaqları və uzun boynu ilə fərqlənir. Düz qaməti, uzun boynu və ayaqları, başının arxasındakı uzun qara lələkləri və uzun kirpikləri bu quşa “katib quşu” adı verməyə haqq qazandırır (katib quşunda olduğu kimi, keçmişdə hakimlər pariklərinin arxasına qaz tükündən lələklər taxırdılar).

 

Bu quş qeyri-adi görünüşünə əlavə olaraq, ilanların qənimi kimi də məşhurdur. Cənubi Afrika və Sudanda katib quşu nəcib bir növ hesab olunur və quşun təsviri bu ölkələrin gerblərində yerləşdirilib.

 

Quşun bədən uzunluğu 125 -155 sm, çəkisi isə 4 kq-a çatır. Qanadının uzunluğu 210 sm-dir.

 

Ümumiyyətlə, quşun görünüşü çox qeyri-adidir. Kiçik başı, boz-ağ dimdiyi, uzun boynu və qartal kimi güclü bədəni var. Gözlərin yaxınlığında lələk yoxdur və dimdiyə qədər narıncı dəri ilə örtülüdür.

 

Ayaq barmaqları qısadır, caynaqları isə uzun və yuxarı doğru əyilidir.

 

Katib quşunun əsas qida rasionunu – ilanlar, hətta kobra kimi zəhərli olanlar, kərtənkələ, böcək, kiçik məməlilər və quşlar təşkil edir.

 

Katib quşu, Saharanın cənubundan Cənubi Afrikaya qədər uzanan ərazilərində geniş yayılıb. Yaşamaq üçün, yırtıcı quş Afrikanın cənub bölgələrində yerləşən çöl və meşə-çöl - savannaları seçir.

 

Şimal bölgədə yaşayan quşlar köçəri quşlardır. İyun ayında, yəni yağışlı mövsümdə yuvalarında yaşayırlar, sonra avqustda bala çıxarırlar, dekabrdan yanvar ayına qədər isə quraqlıq olduqda cənuba uçurlar.

 

Katib quşları yuvalarını qorumaq məqsədi ilə nadir hallarda insanların evlərinə yaxın ərazilərdə yuva qurarlar. Yuvanı hər iki quş, tikanlı akasiyaların zirvələrində və ya yerdən 6 m. yüksəklikdəki digər ağacların düz taclarında quraşdırırlar. Dişi quş bir neçə gün ara ilə 2- 3 mavi-ağ rəngli yumurta yumurtlayır. İnkubasiya müddəti təxminən yeddi həftə davam edir. Katib quşunun cücələri ağ və ya açıq boz tüklü dəridə doğulur. Hər iki quş bala quşun böyüməsində iştirak edir.

 

Katib quşu əsasən sakit quşdur. Onun, qapı cırıltısına bənzəyən səsi, yalnız çiftləşmə mövsümündə eşidilir.

 

Zərərvericilərlə qidalanması baxımından katib quşu insanlar üçün faydalıdır. Hətta Cənubi Afrika fermerləri, ev quşlarını ilanlardan qorumaq və siçovulları öldürmək üçün katib quşlarını xüsusi olaraq fermalarında yetişdirirdilər.