Uşaq yaradıcılığı

Qonağımız Emin Bayramlıdır

Emin Bayramlı Elşad oğlu 2010-cu il martın 7-də Bakıda anadan olub. Hal-hazırda Salyan rayonu Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbinin 4 a sinif şagirdidir.

 

Emin dərslərində olduqca fəaldır. Bütün fənləri sevən, çalışan Eminin ədəbiyyata olan xüsusi  marağı danılmazdır. Yaşının az olmasına baxmayaraq o, davamlı mütaliə edir, şeirlər yazır. Yazdığı şeirlər bir sıra qəzet, jurnallarda və "Günəşin Nuru" antologiyalarında dərc olunub. Tədbir və kitab təqdimatlarına dəvət alıb. Emin Vətən, təbiət, uşaqlar və s. mövzularda yazdığı şeirləri ilə bizi də tanış etdi.

 

Yaradıcı işlərlə məşğul olmağı sevən Emin diplom və fəxri fərmanlarla da təltif olunub. Ona Uşaq Bilik Portalı adından irəlilədiyi yolda uğurlar arzulayırıq.

 

Kitab

Elmə yiyələnib,
Biliyimizi artıraq. 
Deyirəm, ay uşaqlar,
Gəlin kitab oxuyaq.

 

Savadlı olaq biz də 
Qalmayaq heç vaxt düzdə. 
Gəlin oxuyun siz də
Gəlin kitab oxuyaq.

 

Oxumaqdan heç zaman 
Zərər gəlməz bircə an
Çoxdur uğur qazanan,
Gəlin kitab oxuyaq.

***

Uşaqların bayramı

Bir iyunda qeyd olur
Əziz uşaqlar günü.
Həmin gün mənim üçün
Yaxşı qoçaqlar günü.

 

Şənlənirik doyunca,
Sevinirik nə qədər.
Nə istəsək həmin gün
Ata Anamız edər.

 

Bu gün bizim günümüz,
Gəlin gəzək doyunca.
Deyib, gülüb, oynayaq
Ayaqlar yorulunca.