Bu maraqlıdır!

Çəhrayı qaşıq dimdikli quş

Florida Everglades-də yaşayan çəhrayı qaşıq dimdikli quş (lat. Platalea ajaja, ing. Roseate Spoonbill) - xarici görünüşcə çəhrayı flaminqonu xatırladır.

 

Platalea ajaja çox parlaq və qeyri-adi görünüşə malikdir. Quşun qaşığa bənzəyən uzun, nəhəng  və düz dimdiyi var. Dimdik sona çatdıqda daha dairəvidir. Bu özəlliyi quşa isti və dayaz bataqlıq gölməçələrdə bir çox su heyvanını  və qida mənbələrini asanlıqla əldə etmək imkanı verir.

 

Çəhrayı qaşıq dimdik quşlarının erkək və dişiləri eyni rəngdədirlər, ancaq erkək quşların dimdiyi daha uzun və daha böyükdür.

 

Roseate Spoonbill Mərkəzi və Cənubi Amerikada geniş yayılıb, əsasən Floridanın isti və nəmli bölgələrinə üstünlük verir.

 

Bu quşlar qidalandıqları xərçəngkimilərdən qeyri-adi parlaq çəhrayı rəng alırlar. Onlar həm də, belə bir parlaq çəhrayı-qırmızı rəng verən piqmentləri olan yosunlarla qidalanırlar. Bu quşlar dayaz sularda ov edirlər: dimdiyini şaquli olaraq suya salır və yavaş-yavaş sağa və sola hərəkət edərək ov edirlər.

 

Çəhrayı qaşıq dimdiyin uzunluğu təxminən 68-86 sm, çəkisi 1,4 kq, qanadları isə 127 sm-ə çatır.

 

Quşun bel nahiyəsi ağ, qanadları və sinə hissələri isə çəhrayı rəngdədir. Uzun və nazik ayaqları bənövşəyi rəngdədir. Başı və dimdiyi gümüşü və bəzən tünd boz rəngdədir.

 

Əvvəllər, Roseate Spoonbill nəsli kəsilmək təhlükəsi altında olduğu hesab olunurdu. Belə ki, bu gözəl quşun lələkləri dizaynerlər tərəfindən yaradıcılıq üçün istifadə olunurdu və buna görə qızıl dəyərindən üç qat artıq pul ödənilirdi. 100 il əvvəl o yox olmaq ərəfəsində idi. Hazırda ABŞ-da quş qorunmaqdadır.