Görkəmli şəxsiyyətlər

Riyaziyyatçıların şahı

1777-ci il idi. Kasıb bir alman ailəsində oğlan uşağı dünyaya gəldi. Adını Karl qoydular. Hələ uşaq ikən Karl ətrafda gördüklərinə hədsiz marağı ilə seçilirdi. Daim valideynlərinə cürbəcür suallar verirdi. Ata-anası səbirlə onun bütün suallarına cavab verməyə çalışırdı, amma sualların ardı-arası kəsilmirdi.


Bir gün Karlın əlinə bir kitab keçdi. O, kitabı vərəqləyib içində cürbəcür işarələr olduğunu görəndə soruşdu:


– Ana, bunlar nədir?


– Hərflərdir.


– Hərflər nə üçündür?


– Yazıb-oxumaq üçün.


– Bu kitabda nə yazılıb?


Anası kitabı ona oxudu. Karl valeh oldu. Bu nə möcüzədir! Hərflərdən sözlər əmələ gəlir, sözlərdən cümlələr düzəlir. Bu cümlələr isə insana o qədər maraqlı şeylər danışır ki!


– Ana, mənə oxumaq öyrət!


Anası üç yaşlı oğluna baxıb gülümsədi:


– Hələ çox tezdir, oğlum! Bir az böyüyərsən, məktəbə gedərsən, yazıb-oxumağı öyrənərsən. Tələsmə.


Amma balaca Karl gözləmək istəmədi. O soruşa-soruşa özü hərfləri öyrəndi və yazıb-oxumağa başladı.


Karlın riyazi qabiliyyəti də göz qabağında idi. O saymağı bacarmaqla yanaşı, müxtəlif hesablamaları fikrində yerinə yetirirdi. Hətta bir dəfə fəvvarə ustası işləyən atasının hesablamalarında səhv tapmışdı. Onda onun cəmi beş yaşı vardı...


Məktəbdə oxuyanda da Karl hamını öz dərrakəsi və məntiqi ilə heyran edirdi.


O zamanlar məktəblərdə şagirdlərə fiziki cəza verilməsi adi bir hal idi. Uşaqlar əlində qamçı sinifdə gəzən müəllimdən qorxaraq dərslərini səylə oxuyurdular.


Bir dəfə müəllim dərsdə uşaqlara 1-dən 100-ə qədər ədədləri toplamağı tapşırır. Həmin dövrdə yazı yazmaq üçün məktəblərdə kağız-qələmdən yox, kiçik taxta lövhələr və təbaşirdən istifadə edirdilər. Hər kəs 1-dən 100-ə qədər ədədləri lövhəyə yazıb toplamalı idi.


Bir neçə dəqiqədən sonra Karl tapşırığı yerinə yetirdiyini və cavabı tapdığını söyləyib lövhəsini müəllimin yazı masasına qoyur. Müəllim şübhə ilə ona baxır, hətta hədələyir: “Səhv olsa...”, – başı ilə qamçını göstərir. Uşaq cəsarətlə deyir: “Bağışlayın, cənab müəllim! Mən düz hesablamışam!” Dərsin sonuna qədər bütün şagirdlər tapşırığı yerinə yetirib lövhələrini müəllimə verirlər. Müəllim tapşırığı yoxlayıb heyrətə gəlir: hamının cavabı səhv idi, Karlın cavabından başqa. Onun lövhəsində “5050” yazılmışdı. Müəllim çox təəccüblənir: 10 yaşında uşaq bir neçə dəqiqəyə bu cəmi necə hesablamışdı?


Ağıllı Karl başa düşmüşdü ki, 1-dən 100-ə qədər ədədlər sırasında 1-ci və sonuncu, 2-ci və sonuncudan əvvəlki, yəni kənardan eyni uzaqlıqda olan ədədlərin cəmi eynidir: 1+100=101; 2+ 99=101, 3+98=101... Beləliklə, o, ədədləri cüt-cüt toplayaraq 50 dənə 101 almışdı. 50-ni 101-ə vuraraq cavabı asanlıqla tapmışdı: 5050. Bu, balaca istedadın ilk riyazi kəşfi idi.


Sonralar bu uşaq dünyanın ən böyük riyaziyyatçılarından biri oldu. İndi Karl Fridrix Qauss adı elmdə hamıya tanışdır. Müasirləri onu “Riyaziyyatçıların şahı” adlandırmışdılar. O, fizika və astronomiya ilə də məşğul olur, bir çox dillərdə sərbəst danışırdı. 78 yaşında vəfat etmiş Karl ömrünün sonuna qədər hesablamaların çox hissəsini, vərdiş etdiyi kimi, beynində aparırdı.