Bu maraqlıdır!

Gigiyena sağlamlığın şәrtidir

Gigiyena - insan sağlamlığını qorumaq haqqında elmdir. Hazırda insan sağlamlığının qorunması üçün bir çox qaydalar tərtib olunmuşdur. Bu qaydalar iki qrupa ayrılır: ümumi və şəxsi gigiyena qaydaları. Bu qaydalar hansılardır və onlara necə əməl olunmalıdır? 
 
Şəxsi gigiyena qaydalarına əməl etmək hər birimiz üçün gündəlik vərdişə çevrilməlidir. Bu qaydaları yerinə yetirmək insanın özü üçün deyil, ətrafındakılar üçün də əhəmiyyətli dərəcədə vacibdir. Çünki gigiyena qaydalarına əməl etməyənlər bəzən yoluxucu xəstəliklərə tutulmaqla başqalarının da həyatını təhlükə qarşısında qoyurlar.
 
Müasir dövrümüzdə kompüterdən istifadə etməklə istədiyimiz məlumatı çox asanlıqla əldə edə bilirik. Lakin uzun müddət kompüter qarşısında oturanda otağın mikroiqlimi: temperatur, rütubət, səs-küy, elektrik və radiasiya sahəsi dəyişir, havada oksigenin miqdarı azalır. Belə mikroiqlimdə uzun zaman qaldıqda isə müəyyən dərəcədə əqli, emosional, görmə funksiyaları dəyişir, yorulma baş verir, orqanizmin yoluxucu xəstəliklərə qarşı müqaviməti azalır. Bundan əlavə, kompüter qarşısında çox və düzgün oturmadıqda onurğanın qeyri-normal əyriliklərinə (skolioz və qeyri-normal hala keçmiş kifoz və lordoz) təsadüf olunur. Bu isə daxili orqanların fəaliyyətinə öz mənfi təsirini göstərir.
 
Sinir sistemini qorumaq bizim üçün çox vacibdir. Sinir sisteminin gərginliyi onun yorğunluğuna səbəb olur. Sizin də dərslərdən sonra istirahət etməniz vacibdir ki, zehni yorğunluğunuz aradan qalxsın. Fasiləsiz oxumaq orqanizmi zəiflədir və yaddaşı pozur. Buna görə də mütləq dərslərinizi hazırlayarkən arada fasilə verin. Daha sonra təmiz havada gəzin, idmanla məşğul olun, oyunlar oynayın.
 
Ümumiyyətlə, oturduğunuz qapalı məkanlarda (sinif otağı, yeməkxanalar və s.) otağın havasını tez-tez dəyişsəniz, düzgün oturuş qaydalarına əməl etsəniz, sağlamlığınızı qorumuş olarsınız.
 
İdmanla məşğul olmaq skelet və əzələləri möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, düzgün qaməti formalaşdırır. Parta arxasında düzgün oturmamaq, çiyinləri sallamaq, beli əymək, döş qəfəsini batıq vəziyyətdə saxlamaq dayaq-hərəkət aparatına mənfi təsir göstərir, onurğanın qeyri-normal əyriliklərinə səbəb olur.
 
Gigiyenik qaydalara əməl edilmədikdə də həzm sistemi xəstəlikləri baş verir. Bunun qarşısını almaq üçün qidalarımız keyfiyyətli və təzə olmalıdır.
 
Düzgün və vaxtlı-vaxtında qidalanma uşaqların inkişafı və sağlamlığının ilkin şərtlərindən biridir. Qidalanma beynin fəaliyyətinə müsbət təsir göstərir. Düzgün qidalanma müxtəlif xəstəliklərə qarşı orqanizmin davamlılığını artırır.
 
Ümumiyyətlə, gündəlik qidalanmada müxtəlif ərzaqlardan istifadə olunmalıdır. Buna görə də qida rasionunuza meyvə və tərəvəz, ət, balıq və süd məhsullarını daxil etməlisiniz. Qidanın hər gün eyni vaxtda qəbul edilməsi və yaxşı çeynənməsi də sağlamlıq üçün vacibdir.
 
 
Yoluxucu xәstәliklәrdәn qorunmaq üçün әmәl edәcәyimiz qaydalar:
 
• Başqalarının geyimlәrindәn, dәsmalından istifadә etmәmәyә çalışın;
• Xәstәlәrlә tәmasda olarkәn qoruyucu vasitәlәrdәn istifadә etmәli;
• Xәstә yatan otağın havası tez-tez dәyişdirilmәlidir;
• Tozu nәm әski ilә silmәk mәslәhәtdir.
 
 
Kitab oxuyarkәn göz qüsuru әmәlә gәlmәsin deyә әmәl edәcәyimiz qaydalar:
 
• Kitabı oxuyarkәn onu gözә yaxın tutmamağa çalışın;
• İşığın soldan düşmәsi vacibdir;
• Nәqliyyatda kitab oxumamağa
çalışın;
• Kitab oxuyarkәn işığın zәif olmamasına çalışın.
 
 
Təmizlik, havanın temperaturu və rütubəti, otağın işıqlanması da sizin üçün olduqca vacibdir. Yuxarı siniflərə keçdikcə görmə qabiliyyəti dəyişir. Buna görə də kompüter olan otaqlar, zallar kifayət qədər təbii işıqlandırılmalıdır. Otaqlarda və ya kompüter zallarında işləyən zaman havanın tez-tez və lazımi qədər dəyişdirilməsi vacibdir.
 
İnsanın dərisində müxtəlif yoluxucu xəstəliklər inkişaf edib onu xəstələndirə bilir. Buna müxtəlif göbələk xəstəliklərini misal göstərmək olar.
 
Dəri xəstəlikləri zamanı qaşınma, ağrı hisləri xəstələri narahat edir, müxtəlif iltihabi proseslər, şişlər, tər və piy vəzlərində pozğunluqlar yaranır. Belə xəstəliklərə yoluxmamaq üçün nə etməli?
 
 
Dəri xəstəliklərinə yoluxmamaq üçün aşağıdakılara əməl olunmalıdır:
 
• Sahibsiz ev heyvanları ilə oynamayın;
• Dənizdə və hovuzda çimdikdən sonra duş qəbul edin;
• Başqalarının darağından istifadə etməyin;
• Başqalarının geyim əşyalarından istifadə etməyin;
• Əl və dırnaqlarımızı təmiz saxlayın;
• Dərini qıcıqlandıran vasitələrdən istifadə etməyin və s.