Bu maraqlıdır!

Tsin Şi Xuandi məqbərəsi

Bu maraqlı hadisə 1974-cü ilin martında Çinin Sian şəhərindən 40 km məsafədə yerləşən Şensi əyalətində baş vermişdir. İnsanlar əmələ gəlmiş yarğana baxanda gözlərinə inanmadılar. Torpaqdan camaatın üzünə gildən hazırlanmış orta yaşlı bir kişi baxırdı. Onun arxadan hörülmüş uzun saçları vardı. Əynindəki geyim qədim Çin əsgərlərinin geyiminə oxşayırdı. Əhali dərhal bu barədə yerli arxeoloqlara xəbər verdi. Tezliklə bu ərazidə geniş miqyaslı qazıntı işləri başlandı.

 

Torpaqdan orta yaşlı qədim Çin əsgərinin gil fiquru çıxdı. O, əlində bürünc uclu nizə tutmuşdu. İlk vaxtlar heç bir alim bu tapıntını yaxınlıqda olan təpə ilə əlaqələndirmirdi. Amma alimlər bilirdilər ki, haradasa bu təpənin altında məşhur Çin imperatoru Tsin Şi Xuandinin məqbərəsi yerləşir. Əldə olan məlumatlara görə, məqbərənin özü dağıdılmışdır. Ona görə də alimlər buna elə də əhəmiyyət vermirdilər. Bunun nəticəsində bütün dünya yeni tapıntıdan xəbər tutdu. Axtarışlar zamanı təpədən şərqə doğru çoxlu sayda gil əsgər tapıldı. İlk baxışdan bu, böyük orduya bənzəyirdi. Bu günə qədər arxeoloqlar 6000 gil əsgər tapıblar. Burada 4 cərgə süvari əsgər ordusu, döyüş arabaları var idi. Hər bir ordu növü cərgə halında yığılmışdır. Hər bir əsgər, araba, at çox təbii görünürdü.

 

Onların əllərində olan oxlar, qılınclar, nizələr isə əsl silahlar idi. Ən maraqlısı isə bu idi ki, tapılmış heykəllər, onların silahları zamanın təsirinə məruz qalmamışdı.

 

Tədqiqatlar zamanı aşkar edildi ki, tapılmış hər bir heykəlin ölçüsü real adamdan götürülüb.

 

Əlbəttə, inandırıcı deyildi ki, Çin heykəltəraşları bir yerə 6000 nəfər insan yığıb, onların hər birindən ölçü götürmüşlər. 


Görünür, heykəltəraşlar işlərini öz yaddaşları əsasında görüblər. Əsgərlərin üzlərinə diqqətlə baxdıqda hamısında eyni üz cizgilərinin olduğu görünürdü. Tədqiqatlar davam etdikcə məlum oldu ki, “ordu” e.ə. III əsrə aiddir. Onların əsas məqsədi imperator Tsin Şi Xuandinin məqbərəsini qorumaq olmuşdur. Bəs niyə imperator özü üçün bu boyda gil ordu hazırlamışdır? Eyni zamanda niyə o, gil ordunu yerə basdırmışdır? Bu suallara cavab tapmaq üçün Qədim Çin tarixinə nəzər salmaq lazımdır.

 

Tsin Şi Xuandi parçalanmış imperatorluqlarından birinin imperatoru oldu. Uzun müddət davam edən müharibələrdən sonra o bütün ölkəni öz hakimiyyəti altında birləşdirdi. E.ə. 221 -ci ildə özünü Çinin birinci imperatoru elan etdi. Bütün ölkəni ələ keçirəndən sonra imperator islahatlara başladı. Onun ən böyük layihəsi Böyük Çin səddi idi. Ona qədər və ondan sonra da belə böyük tikinti olmamışdır.

 

Tsin Şi Xuandi öz ölümsüzlüyünə inanırdı. Təbii ki, imperator Tsin Şi Xuandi sonsuza qədər hökmranlıq edə bilməzdi.Hər bir insan kimi vaxtı çatdımı, o da vəfat edəcəkdi. Ona görə də ömrünün sonlarına doğru o özü üçün möhtəşəm məqbərə tikilməsinə əmr verir.İmperator vəfat edərkən onu tikdirdiyi məqbərədə dəfn edirlər. İmperatorun əmrinə əsasən, onunla birlikdə bütün arvadları, qulluqçu və nökərləri, məqbərəsini tikən bütün şəxslər də diri-diri basdırılır.

 

Qədim Çin adət-ənənəsinə görə, imperatorun ordusu da basdırılmalı idi. Ancaq Tsin Şi Xuandinin yerinə hakimiyyətə gələn oğlu əmrə tabe olmur, böyük bir ordunu diri-diri basdırmağa razılıq vermir. Bunun əvəzinə o, simvolik bir ordunu qurban verməyi əmr edir. Əmrə görə, bütün ordu gildən heykəllər şəklində hazırlanmalı və onun atasının məqbərəsinin yaxınlığında basdırılmalı idi. Alimlərin tapdığı gil fiqurlar həmin “qurban verilmiş” ordu idi.

 

Bu günün özündə Şensi vilayətinə dünyanın bütün yerlərindən turistlər gəlir.Onların məqsədi Tsin Şi Xuandinin məqbərəsini öz gözləri ilə görməkdir.Qazıntı işlərinin aparıldığı yerlərdə 16 min kv km olan böyük bir pavilyon tikilmişdir.Pavilyonun tavanı 22 metr hündürlükdədir.Bu da gil ordunu yağışdan və digər hava amillərindən qoruyur.