Xəbərlər

Sehrli Landiyada yeni il

Yeni il ərəfəsində Yer üzünün bütün insanları - böyüklər arzularının yerinə yetəcəyini, uşaqlar isə Şaxta babadan hədiyyələrini gözləyirlər. Bəs Şaxta baba özü haradan gəlir? Dekabrın 27-dən 30-dək Heydər Əliyev sarayında təqdim olunacaq “Sehrli Landiyada yeni il” tamaşası bu suala cavab tapmaq istəyənlər üçün maraqlı olacaq. 
 
Tamaşaçılar əfsanəvi Landiya, orada hədiyyə istehsal edən fabrik, özünün sehrli çubuğu ilə hədiyyə hazırlama prosesinə rəhbərlik edən kraliçası Avelara ilə tanış olacaqlar. Lakin ən vacib anda, yeni ilə bircə gün qalmış çubuq yoxa çıxır! Onu kim götürüb? Bəlkə sadəcə itib? Tamaşaçılar vəfalı paj Xavyer, Landiyanın əsas şirniyyatçısı Pryana, Şrek, Fiona, Qar adamı Olaf və bir çoxları ilə də tanış olacaqlar. Sehrli çubuğu isə tapmaq lazımdır. Əgər Şaxta baba uşaqlara hədiyyə gətirməsə, yeni il bayramı baş tutmayacaq.