Təbiət

Texnogen mәnşәli qәzalardan qorunaq

Radioaktiv çirklənmə, kommunal sistemlərdə qəzalar, dəm qazından zəhərlənmə, yanğın və partlayış, yol qəzaları, şüalanma və şairənin texnogen qəzalar olduğunu bilirik. 

 

Ətraf mühitin ən təhlükəli çirklənməsi hesab olunan radioaktiv çirklənmə fövqəladə hadisədir.

 

Çox vaxt bu hadisəni “çıraqdakı cinə” də bənzədirlər. Çünki atom enerjisindən dinc məqsədlərlə istifadə olunur. Lakin atom enerjisi ilə işləyən obyektlərdə təhlükəsizlik qaydalarının pozulması nəticəsində radioaktiv şüalanma və radioaktiv çirklənmə baş verir. Havada radiasiya olduqda radioaktiv maddələr orqanizmdə sürətlə toplanır. Bu zaman orqanların funksiyaları pozularaq (ən çox sümük iliyi, sinir sistemi və s.) müxtəlif irsi və hətta ölümlə nəticələnə bilən xəstəliklər yaradır.

 

Bәs radioaktiv çirklәnmә zamanı nә etmәli?

 


Əgər siz küçədəsinizsə, təcili surətdə tənəffüs orqanlarınızı mühafizə edin - burnunuzu və ağzınızı şərf və ya nəm dəsmalla qapayın;

 


Təcili surətdə evə gəlin, üst paltarlarınızı çıxarın və duş qəbul edin. Bütün pəncərə və qapıları mümkün olduqca kip qapayın;

 


Bir stəkan suya 3-5 damcı yod məhlulu damızdırıb (uşaqlara 1-2 damcı) için;

 


Küçəyə az çıxın. Bu vacib olduqda isə respiratorlardan və uyğun geyimlərdən (kip gödəkcə, plaş, altı hündür ayaqqabı) istifadə edin;

 


Yemək hazırlamaq üçün lazım olan suyu yalnız su boruları və qorunan quyulardan götürmək olar;

 


Ərzaqlar soyuducularda, şkaflar və emallı qablarda, polietilen kisələrdə olduqda istifadəyə yararlı hesab olunur.

 

 

Atom elektrik stansiyalarında baş verən kiçik qəzalar belə mütəxəssisləri, əhalini narahat edir. Belə qəzalar zamanı yanğınlar da baş verir. Bu isə öz növbəsində, bəzi maddələrin ətrafdakı meyvə və tərəvəzə hopması ilə yoluxma mənbəyinə çevrilir. Nəticədə bitki və heyvanlar məhv olurlar.

 

 

Statistik məlumatlara görə, XX əsrin son 20 ili ərzində dünyada ümumilikdə 800 milyondan artıq insan müxtəlif fəlakətlərdən zərər çəkmiş, 140 min insan tələf olmuş, illik maddi zərər isə 100 milyard dollardan artıq vəsait təşkil etmişdir.

 

 

Yanğın.

 

İri mağazalarda, kinoteatrlarda və digər ictimai yerlərdə baş verən yanğın evdəkindən çox fərqlidir. 

 

İlk növbədə, bu yanğınlardan daha çox insanlar zərər çəkir. Buna görə də aşağıdakı qaydalara əməl etməyiniz vacibdir:

 

•Təlaşa düşməyin;

 

• Yanan otağı tez tərk edin;

 

•Burnunuzu vә ağzınızı nәm parça ilә bağlayın;

 

•Paltarı yanan insanı qaçmağa qoymayın, paltarını soyunmağa kömək edin və ya üzərinə sintetik olmayan istənilən hər hansı bir örtüyü atın;

 

•İctimai yerlərdə yanğınsöndürən cihazlar varsa, onlardan istifadə etməyə çalışın.