Bu maraqlıdır!

Dünyanın ən qədim tarixi abidələrindən biri - Ayasofya

Türkiyənin, o cümlədən dünyanın ən qədim tarixi abidələrindən biri də Ayasofya Muzeyidir. Dünya memarlıq tarixinin günümüzədək gələn ən görkəmli abidələrindən olan Ayasofya memarlığı, möhtəşəmliyi, ölçüsü və funksionallığı ilə dünya sənət aləmində mühüm yer tutur.

 

Ayasofya Şərqi Roma İmperatorluğu tərəfindən İstanbulda inşa edilən ən böyük memarlıq abidəsidir. Bu bina eyni ərazidə üç dəfə tikilib. İlk dəfə imperator Konstantios tərəfindən 360-cı ildə Böyük Kilsə (Megale Ekklesia) adı ilə tikilən və 415-ci ildə İmperator II Teodoz tərəfindən yenidən inşa edilən Ayasofya (Müqəddəs Hikmət) o zamanlar baş qaldıran xalq üsyanları nəticəsində dağıdılıb.

 

İstanbulun mərkəzi hissəsində yerləşən və dünyada ən çox ziyarətçi qəbul edən tikililərdən olan Ayasofyanın günümüzədək gələn binası isə İmperator Justinianosun göstərişi ilə üçüncü dəfə dövrün iki məşhur memarı Anthemios və İsidoros tərəfindən yenidən tikilib. Beş il on aya tamamlanan tikintidə 200 fəhlə işləyib və bina 916-cı ildə kilsə olaraq ibadətə açılıb. Tikili 1453-cü ildə Fateh Sultan Mehmed tərəfindən İstanbulun fəthindən sonra məscid kimi fəaliyyət göstərib. Belə ki, şəhərin fəthindən dərhal sonra İstanbul fatehi Ayasofyaya gələrək ilk namazını məhz burada qılıb.

 

Fəthdən dərhal sonra bina ən yaxşı şəkildə möhkəmləndirilib və Osmanlı dövrünün əlavələri ilə məscid olaraq fəaliyyətini davam etdirib. Sonralar yenə də Osmanlı İmperatorluğu dövründə binanın ətrafında minarələr, mədrəsələr, orta məktəb, fəvvarələr və bir sıra digər tikililər inşa edilib. Osmanlı Sultanı Əbdülməcidin əmri ilə 1847-1849-cu illər arasında isveçrəli Fossati qardaşları tərəfindən aparılan təmir işləri zamanı dövrün ən məşhur xəttatlarından olan Kazasker Mustafa İzzət Əfəndi tərəfindən Ayasofyanın əsas qübbəsinin 11,3 metrlik hissəsində Qurani-Kərimin Nur surəsinin 35-ci ayəsi yazılıb.

 

Tikintisində mərmər, daş və kərpicdən istifadə edilən binanın günbəzinin inşasında zəlzələlərdən qorumaq məqsədilə Rodos torpaqlarında xüsusi hazırlanan yüngül və bərk kərpiclərdən istifadə edilib. Tikilinin əsas xüsusiyyətlərindən biri ölçülərinin bir kilsə üçün daha böyük, mərkəzi qübbəsinin isə daha hündür olmasıdır.

 

Türkiyə Respublikası qurulduqdan sonra, 1930-1935-ci illər arasında bərpa işləri səbəbi ilə müvəqqəti olaraq bağlanan Ayasofya 1934-cü il noyabrın 24-də türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün və ölkənin Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilib.

 

Hazırda bu qərarın ləğvi və tikilinin yenidən məscid olaraq ibadətə açılması ilə bağlı müzakirələr aparılır. Bununla əlaqədar Türkiyənin Dövlət Şurası tərəfindən məhkəmə prosesi başladılıb. Bundan sonra Ayasofyanın fəaliyyətinin məscid və ya muzey olaraq davam etdiriləcəyi barədə qərarın 15 gün içində açıqlanacağı gözlənilir.