Görkəmli şəxsiyyətlər

Elmira Şahtaxtinskaya

Elmira Şahtaxtinskaya Bakı şəhərində anadan olmuşdur. XX əsrin görkəmli xanım rəssamı həyatı boyunca müxtəlif janrlarda çox sayda rəsm əsəri yaratmışdır. O, orta təhsilini başa vurduqdan sonra təsviri sənət sahəsində biliklərini dərinləşdirmək üçün Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır.

 

Onun əsərləri arasında Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretləri xüsusi yer tutur. 1970-ci illər yaradıcı fəaliyyətinə aid olan bu portretlər “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsinə daxildir. O, Nəsirəddin Tusi, Əbdülqədir Marağayi, Məhsəti Gəncəvi, Səfiəddin Urməvi, İmadəddin Nəsimi, Nizami Gəncəvi, Əlişir Nəvai, Qətran Təbrizi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və digər məşhur Azərbaycan nümayəndələrin portretini yaratmışdır. Həmin portretlərdə Elmira xanım onların fiziki görkəmiylə yanaşı, mənəvi aləmini də tabloya dəqiqliklə işləmiş, onların yaradıcı mövqeylərini tabloda əks etdirə bilmişdi. Portretlərdəki yaradıcı şəxslərin baxışlarındakı dərin və mənalı ifadə eyni zamanda onların yaradıcı ruhunu açıqca ifadə edir. Bu, isə rəssamın ustalığından irəli gəlir. Bununla belə, rəssam həmin portretlərində onların yaşayıb yaratdığı dövrə uyğun geyim tərzini, dekor elementlərini mükəmməl sürətdə əlavə etmişdir.

 

Elmira Şahtaxtinskayanın maraqlı epizodik rəsmlərinə “Çexoslovakiyada”, “Sosialist Bakısı seriyası”, “Bolqarıstanda”, “Uzaq düşən gəmilərin kapitanı”, “Şamaxı yaxınlığında pir”, “Qutablar”, “Novruz bayramı” kimi əsərlərini daxil etmək olar. Rəssam “Qutab” və “Novruz bayramı” əsərlərini sanki Azərbaycan milli adət ənənələrini əks etdirmək üçün işləmişdir. Rəsmlərdə qadınlarımızın Azərbaycan milli təamlarını bişirilməsi təsvir edilmişdir. Təsvirlərdəki koloritin rəngarəngliyi, qadınların sadə və zərif geyimi, şəkərbura, qutab, göyərti, xəmir, səməni və bu kimi bir çox detallar əsərin məzmununa uyğunlaşdırılmış və onu daha da anlaşıqlı etmişdir. Hərhal ki, bu əsərləri Azərbaycan qadınlarının zəhmətkeşliyinin də bir göstəricisi hesab etmək olar.

 

Elmira xanımın 1957-ci ildə Moskva şəhərində, 1967-ci ildə isə Kaunas şəhərində fərdi sərgisi nümayiş etdirilmişdir. O, “Şərəf Nişanı” ordeni ilə təltif edilərək, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq rəssamı adına layiq görülərək yaradıcı fəaliyyəti yüksək dərəcədə qiymətləndirilmişdir. Görkəmli rəssam 1996-cı ildə Moskva şəhərində həyata göz yummuşdur və Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.