Bu maraqlıdır!

Buterbrodların hazırlanması

Buterbrodların hazırlanması çox sadədir. Onlar dadlı, tez doydurandırlar və istənilən masanı bəzəyə bilərlər. Buterbrodların qida dəyəri seçilən ərzaqların keyfiyyətindən asılıdır.


Buterbrodların hazırlanmasında müxtəlif növ bıçaqlardan istifadə edilir.

 

Buterbrod üçün, adətən, buğda və ya çovdar çörəyindən, ət, balıq, süd məhsullarından, meyvə və tərəvəzdən istifadə edirlər.

 

Buterbrodları süfrəyə boşqabda verirlər.

 

Buterbrodların aşağıdakı növləri var — açıq, bağlı (sendviç) və qızarmış çörəkdən olan balaca buterbrodlar (kanape, tartin).

 

Açıq buterbrodlar üçün (şək.1, a,b,c) qalınlığı, təxminən, 1—1,5 sm olan çörək dilimi götürülür. Çörək diliminin üstünə kərə yağı sürtülür, pendir, vetçina, kolbasa, balıq və s. də qoyulur. Buterbrodu göyərti, pomidor, xiyar və ya limon dilimi ilə bəzəmək olar. Üzərinə qoyulan ərzağa görə buterbrodlar sadə (bir növ ərzaqdan hazırlanmış) və mürəkkəb (bir neçə ərzaqdan hazırlanmış) olur.

 

Açıq buterbrodlar soyuq və isti olur.


Bağlı buterbrodlar üçün qalınlığı, təxminən, 0,5 sm olan iki çörək dilimi götürülür. Hər iki dilimə yağ sürtülür. Çörək diliminin birinin üzərinə ərzaq düzülür, digər dilim isə onun üstünə qoyulur və hər iki dilim əllə bir-birinə sıxılır.

 

Kanape (qəlyanaltı) üçün bayat çörək qalınlığı 0,5—1 sm olan müxtəlif fiqurlar şəklində (kvadrat, ulduz və s.) doğranır. Doğranmış çörək çox qurumamaq şərti ilə kərə yağında qıpqırmızı qızardılır. Qızardılmış çörək diliminin üstünə siyənək balığı, pendir, paştet və s. ərzaqlar qoyula bilər.

 

Tartinlər də qızardılmış çörəkdən olan xırda buterbrodlardır. Lakin fərqli cəhəti ondadır ki, qızardılmış çörəyin üzərinə ət, balıq və başqa ərzaqlar isti halda qoyulur. Tartinlər kotlet, yumurta qayğanağı, pendir, omlet və s. ilə hazırlanır.

 

Buterbrod hazırlayanda ərzaqları elə səliqə ilə yığmaq lazımdır ki, onlar çörək dilimlərinin kənarından sallanmasın.

 

Buterbrodlar istifadədən 30 dəqiqə qabaq hazırlanır və süfrəyə isti içkilərin (çay, qəhvə, kakao və s.) yanında xırda boşqablarda, üstü salfetlə örtülmüş vəziyyətdə verilir.