Bu maraqlıdır!

Qan qrupları

ABO sistemində insanlarda dörd qan qrupu mövcuddur. Bu qan qrupları O (I qrup), A (II qrup), B (III qrup) və AB (IV) olaraq işarə edilir. Qan qrupları onların tərkibindəki zülallara əsasən adlandırılmışdır.

 

Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. Qan qrupları ilə birlikdə qanın rezus (Rh, Rhesus) amilini də bilmək lazımdır. İnsanların 85%-də rezus-amil müsbət, 15%-də isə mənfi olur.

 

XX əsrdə Karl Landşteyner I, II, III qan qruplarını və qanda rezus amilini, Yan Yanski isə IV qan qrupunu aşkar etmişdir.

 

Siz bəzən televiziyada, radioda və ya internetdə yer almış xəbərlərdə "kiminsə II qrup rezus-mənfi qana ehtiyacı vardır" kimi anonslara rast gəlirsiniz.

 

Əksər insanların eritrositlərində antigen xassəli xüsusi zülallar vardır. Bu, rezus-müsbət qanı olan insanlardır. Bir qisim insanların qanında bu zülallar yoxdur. Ona görə də onların qanı rezus-mənfi hesab olunur. Belə insanlara öz qrupundan olan müsbət qanı köçürdükdə belə, çox böyük fəsadlar yarana bilər. Məsələn, qan pıxtalaşar. Bunun isə hətta ölümlə nəticələnməsi mümkündür.

 


Buna görə də hər bir insanın öz qan qrupunu bilməsi çox vacibdir. Lazım gəldikdə qan verib kiminsə həyatını xilas etmək mümkündür. Donorlar qan verdikdə onların orqanizmi nəinki ziyan görmür, hətta bədəndə qan hüceyrələrinin yaranması və yenilənməsi sürətlənir. 

 

18-65 yaşları arasında, çəkisi 50 kiloqramdan çox olan hər sağlam insan qan verə bilər. Kişilər ən tez 2 aydan bir, qadınlarsa ən tez 3 aydan bir, ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır.

 

Qan vermək hər birimizin insanlıq borcudur. Bu, insan sevgisinin nümunəsidir.