Görkəmli şəxsiyyətlər

Andrey Usaçev

Məşhur uşaq şairi Andrey Alekseyeviç Usaçev 5 iyul 1958-ci ildə Moskvada anadan olub.

 

Əvvəlcə Moskva Dövlət Elektron Texnika İnstitutuna daxil olub. Dörd il bu təhsil ocağında oxuyub, lalin bu yolun onun üçün olmadığını biləndə onu Tver Dövlət Universitetinin filologiya fakültəsi ilə əvəz edib.

 

Usaçev iş karyerasında heç bir ağır işdən çəkinməyib: qapıçı, gözətçi, hətta təmizlik işçisi kimi işləyib.

 

İlk şeirlərini 1985-ci ildə nəşr etməyə başlayıb.

 

1990-cı ildə "Əgər daşı yuxarı atsan" şeirlər kitabı, uşaqlar üçün təşkil edilən Ümumrusiya gənc yazarlar müsabiqəsində ilk mükafatını qazanıb.

 

1991-ci ildən Yazıçılar Birliyinin üzvü olub. Ümumilikdə, Rusiyada Andrey Usaçevin uşaqlar üçün 100-dən çox kitabı nəşr edilib. Bununla birlikdə xaricdə xeyli populyarlıq qazanıb. İki kitabı Ukrayna və Moldovada, eyni zamanda digər iki kitabı da İbrani dilində İsraildə nəşr olunub. Bundan əlavə, Polşa, Serbiya, Yaponiyada belə nəşrləri var. Andrey Usaçevin beş kitabı Rusiya Təhsil Nazirliyi tərəfindən məktəblərdə dərs vəsaiti kimi tövsiyə olunub.

 

Məşhur bəstəkarlar Maksim Dunayevskiy, Teodor Efimov, Pavel Ovsyannikov, Aleksandr Pinegin Usaçevin bəzi şeirlərinə musiqi bəstələyiblər. Bəzi şeirləri üçün şairin özü musiqi yazıb.

 

Televiziyada Usaçevin 50-yə yaxın uşaqlar üçün yazdığı şeir və musiqiləri səsləndirilib. Mahnılar və nağıllar toplusu olan 20 audiokasset buraxılıb.

 

Şeir və musiqi ilə yanaşı Usaçev kukla teatrı üçün də pyeslər yazır. Onun tərəfindən teatr üçün 10-dan çox pyes yazılıb. Tamaşaları Rusiyanın 20 teatrında nümayiş olunur.

 

"Soyuzmultfilm", "Ekran", "STV" studiyalarında A.Usaçevin yazı və şeirləri əsasında 15 cizgi filmi çəkilib.

 

Usaçev bir neçə il "Şən radiokompaniya" və "Uçan divan" uşaq proqramlarının aparıcısı olub.

 

Uşaqlar üçün bir çox yeni il tamaşalarının ssenari müəllifidir.

 

Usaçev, 2005-ci ildə uşaqlar üçün yazdığı musiqilərə görə "Qızıl Ostap" satira və yumor festivalının laureatı,  "333 pişik" kitabına görə "İlin kitabı" İllik Milli müsabiqəsinin laureatı, 2006-cı ildə isə "Petya və canavar-2006" beynəlxalq müsabiqəsinin laureatı olub.

 

Andrey Usaçev xüsusilə saya bilməyən uşaqlar üçün şən və maraqlı kitablar yazıb. İlk üç kitabı "Hərflər", "Səslər" və "Saylar" Andrey Usaçevin səslər və hecalar, hərflər və rəqəmlər, heyvanlar və ölkələr haqqında kitablar toplusudur.

 

“Professor Au-nun şeirləri” kitabı isə uşaqlara rəqəmlərlə dost olmağa kömək edir.