Bu maraqlıdır!

Plitviçka Gölləri Milli Parkı

Plitviçka Gölləri Milli Parkı – 16 göldən ibarət olan Xorvatiyanın ən böyük milli parkıdır. YUNESKO-nun  Dünya irsi siyahısına daxil olunub. Ərazisi 29.482 hektardır. Milli park Zaqrebdən yüz kilometr cənubda, Korana çayının axdığı iki dağ silsiləsi arasındakı böyük bir ərazidə yerləşir.


Plitviçka Gölləri Milli Parkı eyni zamanda Cənub-Şərqi Avropanın ən qədim milli parkıdır. Bosniya və Hersoqovina sərhədində yerləşən kalsium və əhəng daşından ibarət karst (aşınıma qarşı müqavimətsiz, əhəng daşı kimi asan əriyə bilən qayalardan ibarət olan ərazi) dağ bölgəsindəki park 1949 -ci ildə milli park elan edilib.


Plitviçka Gölləri Milli Parkı göy, mavi, yaşıl, boz, və s. rəngdə dəyişən fərqli rəngləri ilə möhtəşəm mənzərələr meydana gətirən 16 böyük göldən, 140 şəlalədən, 20 mağara və qədim zamanlardan bəri qorunub saxlanılan və özünü bərpa etmək qabiliyyətinə malik bənzərsiz fıstıq və iynəyarpaqlı meşə örtüyündən əmələ gəlmişdir. Göllər bir-birindən təbii su anbarları ilə ayrılmışdır. Sudakı mineral və orqanizmlərin sıxlıq fərqlərinə və günəş işığının gücünə bağlı olaraq göllərin rəngləri davamlı olaraq dəyişir.


Parkın bəzi bölgələri 700 illik küknar meşələri ilə örtülüdür. Bölgənin fauna və florası çox müxtəlifdir. Ərazidə ayılar, canavarlar, çox sayda nadir quşlar və digər heyvanlar yaşayır.


Hər gün buraya gələn yüzlərlə turist ətrafdakı əsrarəngiz gözəlliyin seyrinə dalır, vaxtını mənalı keçirir.