Nağıllar, hekayələr

Ustadın məsləhəti

Hindistanda Ranqa adlı məşhur bir rəssam var idi. Ranqa incəsənət məktəbi açmışdı və orada tələbələrə rəssamlıq sənətinin incəliklərini öyrədirdi. Bu məktəbdə dəqiq müəyyən olunmuş təhsil müddəti yox idi. Ranqa hər hansı bir tələbənin istedadına, biliyinə tam əmin olduqdan sonra onun məktəbi uğurla bitirdiyini elan edirdi.


Ranqanın istedadlı tələbələri çox idi. Lakin Rac adlı tələbə digərlərindən çox fərqlənirdi. Müəllimi də onun biliyindən, çalışqanlığından razı idi. Rac səbirsizliklə müəlliminin onu rəssam kimi sənət dünyasına təqdim etməsini gözləyirdi.


Bir gün Rac müəlliminin yanına gəlib soruşdu:


– Müəllim, mən nə zaman məzun ola bilərəm?


Ranqa dedi:


– Rac, sən çox qısa zamanda rəssamlıq sənətinə yiyələnmisən. Artıq sonuncu imtahanını verə bilərsən.


– Bəs bunun üçün mən nə etməliyəm?


– Sən gözəl bir əsər çəkməlisən. Bu elə bir əsər olmalıdır ki, hər kəsi heyran etsin. Get və tələsmədən əsərini yarat.


Rac gecə-gündüz çalışdı və gözəl bir əsər çəkərək Ranqaya təqdim etdi. Ranga şəkli bəyəndi və Raca tapşırıq verdi:


– Rəsmin, həqiqətən, çox gözəldir. İndi əsərin aşağısına böyük hərflərlə bu sözləri yaz: “Rəsmdə səhv görənlərdən xahiş olunur ki, həmin yerə “x” işarəsi qoysunlar”. Sonra rəsmi aparıb şəhərin mərkəzi meydanına qoy.


Rac Ranqanın dediklərinə əməl etdi. Bir neçə gündən sonra ustad şagirdindən gedib rəsmi gətirməsini istədi. Rac böyük həyəcanla şəhər meydanına getdi. Ancaq gördüyü mənzərə onu məyus etdi: əsər “x” işarəsi ilə dolu idi. Rac istedadsız olduğunu və bunun bütün şəhər tərəfindən təsdiq olunduğunu düşündü.


O qayıdıb gördüklərini müəlliminə danışdı. Ranqa gülümsədi, ona ümidsizliyə qapılmamağı və yeni bir əsər çəkməyi məsləhət gördü. Lakin bu dəfə şagirdinə rəsmin yanına boya ilə fırça qoymağı və aşağısına belə bir cümlə yazmağı tapşırdı: “Rəsmdə müəyyən etdiyiniz səhvləri ləvazimatlardan istifadə edərək düzəltməyiniz xahiş olunur”.


Rac belə də etdi. Bir neçə gündən sonra yenidən şəhər meydanına gedən Rac rəsmi görüb heyrətləndi: rəsmə nə bir işarə əlavə olunmuş, nə də yanındakı ləvazimatlara toxunulmuşdu. Rac çox sevindi və ustadının yanına gəlib hər şeyi ona danışdı. Ranqa gülümsəyərək tələbəsinə dedi:


– Rac, bu gün sən sonuncu dərsini almaqla təhsilini başa vurdun. Artıq məktəbimizin məzunusan. Unutma ki, hər hansı bir sahədə sənəti mükəmməl bilmək kifayət deyil, həm də dözümlü olmaq lazımdır. Sən bilməlisən ki, insanlar peşəkar olmadıqları mövzularda belə tənqid etməyə hər zaman hazırdırlar. Sən əvvəlcə əsərində səhvləri göstərmələri üçün insanlara fürsət verdin və onlar böyük həvəslə bunu etdilər: əsərin “x” işarələri ilə doldu. Ancaq həmin insanlardan səhvləri düzəltməyi xahiş etdikdə heç kim buna cürət etmədi. Çünki onların heç biri bu sahədə səndən bilikli və qabiliyyətli deyil.


Əziz oğlum, sənin biliyin, qabiliyyətin çox çalışmağının, səy göstərməyinin nəticəsidir. Sənə deyilən haqlı və ya haqsız tənqidlərə görə heç vaxt həvəsdən düşmə, özünə inamı itirmə. İlk tənqidçin özün ol və özünü qiymətləndir. Amma bu zaman ədalətli və dürüst ol. Səni əmin edirəm ki, belə etsən, hər zaman uğur qazanacaqsan. Get, oğlum, Tanrı səni qorusun!


Racın gözləri yaşarmışdı. Bu sonuncu dərs onun üçün əsl həyat dərsi oldu.