Nağıllar, hekayələr

Abdulla Şaiq. "Pələng ovu"

Kərim baba söhbətinə belə başladı:

- Bizim Borçalı meşələrində pələng olmadığını bilirsiniz. Ancaq keçmiş zamanlarda varmış. Qırx-əlli il bundan əvvəl kəndin yaxınlığında bir pələng görünmüşdü. Onun qorxusundan meşəyə heç kəs getmirdi. Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalayıb. Ağlım başımdan çıxdı. Tüfəngimi götürüb getdim. Kəndlə pələngin arası bir ağac olardı. Dərəni aşdım. Aşağı uzanan daşlı-qayalı bir dağ ətəyi ilə meşənin içərisinə gedirdim. Günəş saralmağa, sular qaralmağa başlamışdı. Pələngi gözdən qaçırmamaq üçün yan-yörəmə baxırdım. Bir də nə gördüm?! Uzaqda iki göz məşəl kimi yanır. Baxdım, pələng idi. O da məni görmüşdü. Pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, cırmaqlayırdı.

 

Bir az da getmişdim ki, birdən-birə pələng yerindən atılıb bağıra-bağıra üstümə gəldi. Bir daşa söykənib tüfəngimi ona tərəf yönəltdim. Pələngin bir nəcib xasiyyəti var: hücuma başladığı yerdən üç dəfə ovun üstünə atılar. Bu üç dəfənin heç birində ovlaya bilməsə, küsüb gedər. Qalxdığı yerdən iki dəfə üstümə atıldı. Üçüncü dəfə az qaldı üstümə düşsün. Tüfəngimi qaldırdım və havada üstümə gəlirkən qolları arasından nişan aldım. Pələngdən elə bir bağırtı qopdu ki, səsindən dağ-daş titrədi. Gözlərim qaraldı, tüklərim ürpərdi. O, iki-üç addım məndən aralı bir qaratikan kolu yanında yıxılıb nərildəyirdi. İki dəqiqədən sonra canını təslim etdi. Yaxınlaşdım. O igid heyvanı öldürdüyümə peşman oldum. Ürəyim kövrəldi, gözlərim yaşardı. Tüfəngimi bir tərəfə atıb, qabağında diz çökdüm. Başını qollarım arasına alıb, üzündən-gözündən öpdüm.

 

Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığıldılar. Dedim ki, Borçalı torpağında bir igid var idi, o da bu gündən yaşamır. Bundan sonra Borçalı torpağı igid üzü görməyəcək.

 

Bir saat əvvəl sakit və dalğın halda duran bu qoca artıq nəzərimizdə böyümüşdü.