Nağıllar, hekayələr

Gülzar İbrahimova. Sehrli televizor

Gülşən adlı totuş, qəşəng, amma tənbəl bir qız vardı. Kitab oxumağı xoşlamaz, iş görməz, təkcə xoşladığı şey o idi ki, televizora baxsın. Valideynləri totuş, qəşəng, tənbəl qızı nə qədər danlayırdılarsa, xeyri olmurdu. Televizor elə bil sehrli idi. Qız gözdən yayınan kimi rəngli qutunu işə salır və baxırdı. Bir gün Gülşənin valideynləri qonaq gedəndə Gülşənə tapşırdılar:

 

- Bu gün kifayət qədər televizora baxmısan. İndi isə otur, kitab oxu! Bax ha, televizoru açma! 

 

Gülşən belə edəcəyinə söz versə də ata-anası gedən kimi televizoru açıb baxmağa başladı. Televizorda uşaqlar hərf yazmaq öyrənirdilər. Totuş, qəşəng, amma tənbəl qız elə istəyirdi ki, televizordakı uşaqlar onunla oynasın. Ona görə onları qonaq çağırdı:

 

- Bizə gəlin, bir yerdə oynayaq!

 

Uşaqlar bir səslə dedilər:

 

- Bizim qonaq getməyə vaxtımız yoxdu, yazmağı öyrənirik!

 

Totuş, qəşəng, amma tənbəl qız kanalı dəyişdi. Bu kanalda isə dəcəl uşaqalar qaçdı-qovdu oynayırdılar. Totuş, qəşəng, amma tənbəl qız bu dəfə onları qonaq çağırdı:

 

- Bizə qonaq gəlin. Sizə dadlı konfet verəcəyəm! 

 

Qız elə bunu demişdi ki, uşaqlar televizordan evə hoppandılar. Elə düşən kimi də bir anda konfetləri yox elədilər. Yəni yedilər. Meyvələr də, meyvə şirələri də bir anda stoldan təmizləndi. Qalıqlarını, qabıqlarını isə döşəməyə atdılar. Uşaqlardan biri evdə velosiped sürməyə başladı. O birilər isə qaçdı-tutdu oynamağa başladılar.

 

Totuş, qəşəng, amma tənbəl qız da oynamaq istəyirdi. Ancaq ona təklif edən olmadı.

 

Dəcəl uşaqlar evin başına bir oyun açdılar ki, gəl görəsən... Meyvə şirəsini divanın üstünə aşırtdılar. Hətta uşaqlardan biri çilçıraqdan o qədər asılıb yelləndi ki, çilçıraq yerindən qopub düşdü. Uşaqlar stolun ətrafına o qədər fırlandılar ki, Totuş, qəşəng, amma tənbəl qızın başı giсəlləndi.

 

Gülşən istəyirdi ki, uşaqlar təzədən televizora qayıtsınlar. Ata-anası gəlib evi bu gündə görsəydilər mütləq onu cəzalandıracaqdılar.

 

Ona görə dedi:

 

- Qonaqlıq qurtardı, yerinizə gedin! 

 

- Amma səs-küydən onu heç kəs eşitmirdi. Axır ki, valideynlər qayıtdılar. Qapının zəngi çalınan kimi uşaqlar tez televizora girdilər. Ata-ana evin vəziyyətini görəndə təəccübdən gözləri bərəldi. Totuş, qəşəng, amma tənbəl qız olanları ata-anasına danışdı. Amma təbii ki, ona inanmadılar. Hər şey onunla nəticələndi ki, qız möhkəm cəzalandırıldı.

 

Ona bir müddət  dondurma almadılar. Ata-ana evdəki televizoru götürüb qonşuya bağışladı. Hətta Gülşənə söz verdikləri təzə oyuncağı da almadılar. Düzünü bilmək istəsən, dəcəl uşaqlardan qızın özünün də heç xoşu gəlməmişdi. Ona görə də o, söz verdi ki, kitablardakı şəkillərə baxacaq, çoxlu kitab oxuyacaq və televizorda əvvəl gördüyü - yazı yazmağı öyrənən  ağıllı uşaqlara oxşayacaq.