Görkəmli şəxsiyyətlər

Sultan bəy Soltanov

XX əsrin əvvəllərində xalqımıza qarşı çoxdan hazırlanmış erməni vəhşilikləri başladı. Ermənilər öz havadarlarının dəstəyi ilə vətənimizin müxtəlif bölgələrində dəhşətli qırğınlar törətdilər.


İrəvan, Naxçıvan, Zəngəzur, Göyçə ərazilərində baş vermiş qırğınlarda yüzlərlə, minlərlə azərbaycanlı işgəncələrə məruz qaldı, öldürüldü. Bu hadisələrin başında Andronik adlı erməni cəlladı dururdu. O, Anadoluda (indiki Türkiyə) və Azərbaycanda dinc əhaliyə qarşı qırğınlar törətmişdi.


Erməni millətçilərinin və onların terrorçu qruplarının məkrli siyasətinin başında duran Andronik tez bir zamanda quldur dəstəsi toplamış, mənfur erməni siyasətinin digər rəhbərlərindən gələn tapşırıqları həyata keçirməyə başlamışdı.



Andronikin dəstələri Zəngəzurun qərb torpaqlarını işğal etmişdi. Onun quldur dəstələri yaxşı silahlanmışdı. Azərbaycanlı kəndlilər isə baltadan, yabadan, dəyənəkdən, daşdan istifadə edərək müdafiəyə qalxmışdılar. Azərbaycan kəndlərinə soxulan ermənilər əhaliyə işgəncələr verir, məscidlərə toplayıb insanları yandırırdılar. Öldürülmüş uşaqları, qadınları, qocaları ağaclardan asırdılar ki, qorxu və vahimə hər yerə yayılsın. Ermənilərin törətdiyi vəhşiliklərin sonu görünmürdü.

 

Ermənilərə qarşı müharibədə xalqımızın öndə gedən şəxsiyyətləri böyük rol oynamışlar. Onlardan biri Sultan bəy Sultanov olmuşdur. Ermənilərlə mübarizədə Sultan bəy misilsiz igidliklər göstərmişdir. Bütün Zəngəzur qəzasının müsəlman əhalisini ayağa qaldırmış, silah toplamış və əhaliyə paylamışdı. Xalqın varlı adamlarına silah aldırmış, yerli camaatdan qoşun yaradıb, onlara hazırlıq keçmişdi.

 

Sərhədlərin təhlükəsizliyini qorumaq üçün dinc vaxtlarda da ermənilər tərəfə mühafizə məntəqələri qoydururdu. Qoşunda güclü nizam-intizam yaratmaqla Sultan bəy bir çox qələbələr qazanmışdı.


Sultan bəy Rusiyada hərbi akademiyada təhsil almışdı. O, mükəmməl hərbi biliyə malik idi. Sultan bəy Zəngəzurda erməni qoşunlarının məğlub edilməsində «Dağlarda tufan», «Zərbə dalınca zərbə», «Qəflətən hücum», «Nalşəkilli mühasirə» və başqa taktikalardan böyük ustalıqla istifadə etmişdi.

 

Sultan bəyin qardaşı Xosrov bəy Azərbaycan hökumətinin Qarabağda nümayəndəsi idi.

 

Andronik Sultan bəyin qorxusundan Qarabağa keçə bilmirdi. Dəfələrlə hiyləyə əl atsa da, onun məkrli məqsədi baş tutmamışdı. Hətta məktubla müraciət edərək, guya, Dərbəndə getmək, orada rus qoşunlarını Qafqaza buraxmamaq üçün Qarabağa keçmək arzusunu bildirmiş və bunun əvəzində qızıl verməyi vəd etmişdi. Sultan bəy düşmənə belə bir cavab göndərmişdi: «Türk hərbi adı «Paşa» sizə yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə ermənisiz. Onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar».

 

Bir gün ermənilərin Şuşaya gedən silah-sursat karvanı azərbaycanlı könüllülər tərəfindən yaxalanır. Bütün silahlar ələ keçirilir. Gecəyarısı Andronikə xəbər çatdırılır ki, Qarabağa göndərilən silah yüklü karvan Sultan bəyin dəstəsinin əlinə keçib. O, ordusuna geri çəkilmək əmri verir. Lakin gec idi.

 

Erməni ordusu geri dönüb Zabıx adlı dərədən qayıtmaq istərkən Sultan bəyin dəstələri erməni qoşununu mühasirəyə alıb dərəni qabaqdan və arxadan kəsdilər. Düşmənlər qəflətən hər tərəfdən hücuma məruz qaldılar. Bir günlük qanlı döyüşdə Andronikin təxminən 5 minlik qoşunu məhv edildi. 

 


Silahsız insanları: qocaları, qadınları və körpələri vəhşicəsinə qətlə yetirən daşnaklar cəzalandırıldı. Həmin gündən Zabıx dərəsi xalq arasında «Qanlı dərə» adlandırıldı.


Döyüşdə, demək olar ki, Andronik bütün qoşununu itirir. Çıxış yolu tapmadıqda bir keşişi öldürür və onun paltarını geyinir. İki kiçik uşağı da yanına alaraq, guya, onları döyüş meydanından çıxarır. O, yaxşı bilirdi ki, azərbaycanlılar uşaqlara, qocalara və qadınlara toxunmurlar. Beləliklə, cəllad Andronik qaçır.

 

Zabıx dərəsindəki qələbənin xəbəri bütün azərbaycanlılar yaşayan kəndlərdə böyük ruh yüksəkliyinə səbəb olmuşdu. Sultan bəyin dəstəsinə qoşulanların sayı daha da artmışdı.

 

Zabıx döyüşündən sonra daha da azğınlaşan Andronik və onun tör-töküntüləri Azərbaycanın Zəngəzur bölgəsində daim sabitliyi pozur, vəhşiliklərindən əl çəkmirdilər.

 

Onun hazırladığı Qarabağ və Gəncəni tutmaq, sonra isə Bakıdakı daşnak hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni dövlətini qurmaq planı Sultan bəyin və onun silahdaşlarının qəhrəmanlığı nəticəsində baş tutmadı. Qarabağdakı azsaylı ermənilər Azərbaycanın hakimiyyətini tanıdılar.