Görkəmli şəxsiyyətlər

Lətif Səfərov

 

Lətif Səfərov 1920-ci ildə Şuşada doğulub. 7 yaşında olanda rejissor Leo Murun “Gilan qızı” filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlanıb. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Qızıl kol" filmlərində uşaq obrazlarını ifa edib. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. Bir müddət müalicə aldıqdan sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. O, Bakıda əvvəlcə kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alıb. 1950-cı ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya qayıdır və kinostudiyada çalışmağa başlayır.

 

1955-ci ildə "Bəxtiyar" filmini ekranlaşdırır. "Bəxtiyar" filmi Lətif Səfərovun böyük kinoda ilk və uğurlu işidir. "Bəxtiyar" filmində baş rolu Rəşid Behbudov ifa edir və bununla da filmin şöhrəti hər yerə yayılır. Lətif Səfərov filmdə Rəşid Behbudovla yanaşı peşəkar, sevilən aktyor truppası toplayır. Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli, Məmmədrza Şeyxzamanov, İsmayıl Əfəndiyev, İsmayıl Osmanlı və başqalarının yaratdığı obrazlar filmin ümumi ab-havasına çox uyğun gəlir.

 

Lətif Səfərovun ekranlaşdırdığı "Leyli və Məcnun", "Qızmar günəş altında" bədii filmləri də kino tamaşaçıları tərəfindən çox sevilib və uzun illər ötməsinə baxmayaraq sevilərək baxılır.

 

Onun taleyi bütün istedadlı, yaradıcı adamların həyatı kimi keşməkeşli olub. 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Lətif Səfərov 1963-cü ilədək bu işi davam etdirir.

 

Lətif Səfərov 1963-cü il dekabrın 9-da faciəli şəkildə dünyasını dəyişib.