Görkəmli şəxsiyyətlər

Frensis Skott Fitscerald

Dünya ədəbiyyatında "itirilmiş nəslin" ən görkəmli nümayəndəsi, məşhur ABŞ yazıçısı Frensis Skott Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində inmkanlı katolik irland ailəsində dünyaya gəlmişdir. Hələ Priston Universitetində oxuyarkən o, universitet müsabiqələrinin qalibi olmuş hekayə və pyeslərini yazmış, bu illərdə musiqili komediya müəllifi olmaq arzusu ilə yaşamışdır.


Frensis Skott Fitscerald ədəbiyyat aləmində tanınmaq üçün çoxlu hekayə və şeirlər çap etdirsə də, ilk cəhdləri uğursuz olur, onun əlyazmalarını geri qaytarırlar. Bir müddət valideynlərinin yanında qalan F. Skott çapından imtina edilmiş “Romantik eqoist” romanının əlyazmaları üzərində yenidən işləyir, bir çox dəyişikliklər edir. 26 mart 1920-ci ildə bu roman “Cənnətin bu tərəfində” adı ilə işıq üzü görərək ona şöhrət qazandırır.


O, 1925-ci ildə nəşr olunmuş "Möhtəşəm Qetsbi" romanı ilə yanaşı, Amerika Birləşmiş Ştatlarında "caz dövrü"ndən bəhs edən bir sıra əsərləri ilə şöhrət qazanıb. "Caz dövrü" və ya "caz əsri" terminlərinin müəllifi məhz Fitscerald idi. Bu terminlər Amerika tarixinin Birinci Dünya Müharibəsinin sonundan 1930-cu illərin Böyük Depressiyasınadək dövrü ifadə edir. 


“Caz əsrinin hekayələri” adlı hekayələr toplusuna “Ağır sınaq”, “Bencamin Battonun qəribə əhvalatı”, “Buz sarayı”, “Dəvənin arxası”, “Ədabaz Martin-Cons və “Uels şahzadəsi”, “İsti və soyuq qan”, “Küləyə düşmüş ailə”, “Dəniz qulduru” və “Saxsı və çəhrayı” əsərləri daxil edilib.


1939-cu ildə Skott Fitscerald Hollivud həyatından bəhs edən "Sonuncu Maqnat" (The Last Tycoon, 1941) romanını yazmağa başlayır. Roman yarımçıq qalır. 1940-cı il dekabrın 21-də Frensis Skott Fitscerald ürəktutmasından - infarktdan Hollivudda vəfat edir. 


Frensis Skott Fitscerald müasirlərinin şüurunda təkcə yazıçı kimi deyil, həm də öz dövrünü təcəssüm etdirən canlı əfsanə kimi qalmışdır. O, ötən əsrin 20-ci illərində amerikan gəncliyinin pərəstişgahı idi, gənclər ona öz dünya duyumlarının parlaq ifadəçisi kimi baxırdı. Ona bəslənən bu rəğbət indinin özünəcən yaşayır və hətta bugünkü Amerika ədəbi tənqidi onu «Caz Əsrinin» tərənnümçüsü saymaqda bu gün də israrlıdır. 


Artıq heç bir şübhə yoxdur ki, F.S.Fitsceraldın yaradıcılığı Ş.Andersonun, E.Heminqueyin, T.Vulfun əsərləriylə bərabər, amerikan düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirir və yüksək estetik dəyər baxımından olduqca əhəmiyyətlidir.