Şeirlər

Zəlimxan Yaqub. Tarix kimi

Yaşın ilə təzə tarix,
təzə dövran başlana,
Eşqin ilə qoca dünya
cavanlana, yaşlana.
Adın ilə yer üzünün
şeytanları daşlana,
Çevriləsən könüllərdə
çiçəyə sən, gülə sən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!

 

 

 

Sevənlərə, duyanlara
göz günəş könül çıraq,
Nurun ilə işıqlana
hər kitabda şah varaq,
Min il sonra söz düşəndə
səndən gələ səs-soraq.
Yaddaşlara, ürəklərə
möcüzətək gələsən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!

 

 

İnadınla sərt qayalar
varaqlana, çapıla,
İnamınla cəmiyyətin
itənləri tapıla.
Ziyarətin daşı kimi
yanağından öpülə,
Zaman görə sən böyüksən,
nə qulsan, nə köləsən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!

 

Ucalardan ucalara
qalxasan fələk kimi,
Buludların qanadında
uçasan mələk kimi.
Nurlandırıb könüllərə
çatasan şimşək kimi,
Cahilliyi, nadanlığı
yer üzündən siləsən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!

 

Yaşayasan insaf kimi,
iman kimi, din kimi,
Torpaq səni qəbul edə
göydən gələn ün kimi.
Ölümün də tarix ola
doğulduğun gün kimi,
Öz ömrünü zərrə-zərrə
insanlarla böləsən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!