Odlar Yurdu

Qədim Albaniya dövləti

Albaniyanın əhalisi türkdilli və Qafqazdilli tayfaların birliyindən ibarət idi. Bu tayfaların arasında albanlar çoxluq təşkil edirdilər. Qaynaqlarda Albaniyada 26 dildə danışan tayfaların yaşaması göstərilir. Albaniya ərazisində albanlardan başqa leqlər, kadusilər, kaspilər, utilər, qarqarlar və b. tayfalar da yaşamışlar.


Strabonun məlumatından Albaniyanın mərkəzləşmiş dövlət olması aydın görünür. Strabon yazırdı ki, indi bir hökmdar onlara hakimdir. Əvvəllər hər bir qəbilənin öz hökmdarı var idi.


Hazırda Azərbaycanda Qafqazdilli tayfalar da yaşayırlar. Bunlar Qəbələ rayonunun Nic kəndində utilər, Quba rayonunun Xınalıq kəndində xınalıqlılar, Buduq kəndində buduqlulardır.


Makedoniyalı İskəndərin imperiyasının dağılmasından sonra yaranan müstəqil dövlətlərdən biri də Albaniya dövləti idi. Albaniya dövləti e.ə. IV əsrin axırı — III əsrin əvvəllərində yaranmışdı.


Albanlar İberiya (Gürcüstan) ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Şimalda bu ərazi Qafqaz dağları, cənubda Atropatena ilə həmsərhəd idi.


Qədim yunan tarixçisi Strabon Kür çayının Albaniya ərazisi ilə axaraq dənizə töküldüyünü və Kaspiana vilayətinin Albaniyanın tərkibinə daxil olduğunu qeyd edirdi. Xəzər dənizi Alban dənizi də adlanırdı.
Albaniyada şəhərlər möhkəm müdafiə divarları ilə əhatə olunurdu.


Bəzi yaşayış evləri daha geniş olub, tikintisində çiy və bişmiş kərpicdən, yonulmuş daş materialından istifadə edilirdi.


Albaniyanın əhalisi ictimai vəziyyətinə görə fərqlənirdi.


Varlılara məxsus evərin üstü kirəmitlə örtülürdü. Yoxsulların evləri isə çiy kərpicdən tikilir, damı qamış və torpaqla örtülürdü.


Xristianlıq və İslam dini qəbul edil ənədək dəfn zamanı qəbirlərə geyim, qab-qacaq, əmək alətləri, silah, bəzək şeyləri qoyulurdu. Əhalinin varlı təbəqəsinə məxsus olan insanların məzarına qızıl və gümüşdən bəzək əşyaları da qoyurdular.


Padşah, ordu başçısı və hakimlər, din xadimləri (kahinlər) yüksək təbəqəyə aid idilər. Albaniyada padşahdan sonra ən hörmətli şəxs Ay məbədinin baş kahini idi. Onlardan sonra hərbçilər müəyyən mövqe tuturdu.


Kənd təsərrüfatı, sənətkarlıqla və ticarətlə məşğul olanlar, əsasən, azad insanlar idilər.


Hökmdarın və yuxarı təbəqənin təsərrüfatında və sənətkarlığın bəzi sahələrində qul əməyindən istifadə olunurdu. Buna baxmayaraq, Albaniyada quldarlıq Şərq dövlətlərindəki səviyyəyə qalxmamışdır.


Albaniya əhalisi çox döyüşkən, cəsur olmuşdur.


Strabon yazırdı ki, alban döyüşçüləri zirehli paltar (geyim) geyir, başlarına dəbilqə qoyur, böyük uzunsov qalxan, ox-yay və mizraq ilə silahlanırdılar.


Yunan-Roma müəllifləri Albaniya torpaqlarının çox bərəkətli, əhalisinin isə sıx olduğunu yazırdılar.


Albanlar əkinçilik, bağçılıq, bostançılıq, üzümçülük, maldarlıqla məşğul olur, arpa, buğda, darı yetişdirirdilər. Taxılı dəmir oraqla biçir, xırmanda ağac vəllə döyürdülər. Ehtiyat taxılı iri saxsı küplərdə və xüsusi quyularda saxlayırdılar. Dənli bitkiləri, əsasən, dən daşları ilə üyüdürdülər. Əldəyirmanlarından da istifadə edirdilər.


Eramızın ilk əsrlərindən Albaniyada su dəyirmanlarından istifadə olunmuşdur. Təsərrüfatda üzümçülük və şərabçılıq xüsusi yer tutmuşdur.


Albaniyada çoxsaylı mal-qara sürüləri, at ilxıları var idi. Minik atlarından hərbi işdə geniş istifadə olunurdu. Atlı (süvari) hərbi dəstələr yaradılmışdı.


Təsərrüfat həyatında balıqçılıq mühüm yer tuturdu. Balığın piyindən sürtkü yağı, içal atından isə xüsusi yapışqan hazırlayırdılar.


Albaniya ərazisində aparılan arxeoloji qazıntılar zamanı çoxsaylı əmək alətləri, silahlar, məişət əşyaları, bəzək şeyləri və s. tapılmışdır.


Albaniya şəhərlərində sənətkarlığın müxtəlif sahələri inkişaf etmişdi. Peşəkar sənətkarlar, əsasən, şəhər emalatxanalarında işləyirdilər.


Albaniyada zəngin yerli filiz yataqlarının olması metalişləmə sənətinin inkişafına zəmin yaratmışdı. Sənətkarlar müxtəlif növ silahlar (zireh, qılınc, xəncər, ox, nizə ucluqları), əmək alətləri (balta, bıçaq, oraq, qayçı və s.), bəzək şeyləri (üzük, sırğa, bilərzik, muncuq və s.) hazırlayırdılar.


Romalı tarixçi Elian yazırdı: «Mən eşitmişəm ki, Kaspilər balıq ovlayır, duzlayır, qurudur, dəvələrə yükləyib başqa şəhərlərə aparırlar. Kaspi torpağında böyük göl (Xəzər dənizi nəzərdə tutulur) var. Orada «şişburun» adlanan böyük balıqlar olur. Kaspilər onları tutur, dəvələrə yükləyib Ekbatanaya aparırlar. Bu balıqların piyindən məlhəm düzəldirlər».


Dulusçuluq sənəti inkişaf etmişdi. Qazıntılar göstərir ki, əhalinin təsərrüfat həyatında və məişətində saxsı məmulatı geniş yer tutmuşdur. Sənətkarlar gildən tikinti materialı (kirəmit, kərpic), müxtəlif qablar, insan və heyvan fiqurları hazırlayır və dulus kürələrində bişirirdilər. Gil qabları insan, heyvan, quş, bitki rəsmləri ilə və həndəsi fiqurlarla bəzəyirdilər. Albaniyada eramızın ilk əsrlərindən başlayaraq yerli şüşə qablar hazırlamışlar.


Dövlətin yaranması ilə möhürlər meydana gəlmişdi. Möhürlər üzük formasında düzəldilir və bəzək əşyası kimi barmağa taxılırdı. Möhür-üzüklərin qaş hissəsində dini məzmunlu rəsmlər həkk olunurdu.

Möhürlə sənədləri təsdiqləyir, qapıları və müxtəlif məhsulla doldurulan qabları möhürləyirdilər.


Albaniyada toxuculuq da inkişaf etmişdi. Toxucular qoyun və dəvə yunundan hazırlanmış iplərdən istifadə etmişlər.


Toxucular qoyun və dəvə yunundan hazırlanmış iplərdən istifadə etmişlər.


Boyaqçılıq, dabbağlıq, dülgərlik, dərzilik, çəkməçilik və s. sənət sahələri əhalinin gündəlik tələbatını ödəyirdi. Dövlət yaranana qədər əhali, əsasən, mal mübadiləsi ilə ticarət aparırdı. Dövlətin yaranmasından sonra daxili və xarici ticarət xeyli genişlənmişdir.


Alban dövlətində ticarətdə puldan geniş istifadə edilmişdir. Şamaxıda, Qəbələdə tapılmış gümüş pul dəfinələri albanların ticarətdə puldan istifadə etdiyini sübut edir.


Albaniya ərazisindən tapılan ən qədim pullar Makedoniyalı İskəndərin adından kəsilən gümüş pullardır. Kənardan gətirilən pullar ticarətdə tələbatı ödəmədiyindən e.ə. III əsrin 1-ci yarısından başlayaraq Albaniyada İskəndərin pullarına oxşar pullar kəsilmişdir. Ölkədə başqa dövlətlərin pulları da işlədilmişdir.


Albaniyada şəhərlərin əmələ gəlməsi üçün şərait e.ə. I minilliyin ortalarında yaranmışdır. Şəhərlərin yaranmasında sənətkarlıq və ticarətin inkişafı mühüm rol oynamışdır. Qədim şəhərlər karvan yolları üzərində, dini mərkəzlərin (məbədlərin) ətrafında yaranmış, yaxud ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır. Şəhərlər üçün əlverişli coğrafi məkan seçilmiş, düşməndən qorunmaq üçün onların ətrafına möhkəm müdafiə divarları çəkilmiş və dərin xəndəklər qazılmışdır.


Strabon öz əsərində Albaniyanın Ayniana və Anariaka şəhərlərinin olduğunu yazır. Plini yazır ki, Albaniyanın başlıca şəhəri Kabalakadır (indiki Qəbələ). Ptolemey Albaniyanın 29 şəhəri və böyük yaşayış məntəqələri sırasında Qəbələ və Şamaxının adlarını çəkir. Mingəçevir, Qəbələ, Şamaxı, Dərbənd, Torpaqqala və başqa şəhər yerlərində arxeoloji qazıntılar aparılmış və tapılmış zəngin materiallar əsasında Albaniyanın şəhər mədəniyyəti öyrənilmişdir.


Albaniyanın qədim mədəniyyəti Qəbələ, Şamaxı, Mingəçevir, İsmayıllı və s. yerlərdə aparılan arxeoloji qazıntılar əsasında öyrənilmişdir. Qazıntılar zamanı müxtəlif tikinti qalıqları, qəbirlər, çoxsaylı maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.


Qədim dövr müəlliflərinin əsərlərində də Albaniyanın mədəniyyətinə aid məlumatlar vardır. Albaniyada şəhər mədəniyyəti inkişaf etmişdi. Albanlar bir çox ölkələrlə iqtisadi və mədəni əlaqələr saxlamışlar. Alban mədəniyyətinə yunan mədəniyyətinin də təsiri olmuşdur.


Sənətkarlığın müxtəlif sahələrinin (dulusçuluğun, şüşə qablar istehsalının,toxuculuğun, metalişləmənin və s.) və memarlığın inkişafı Albaniyada şəhər mədəniyyətinin yüksəlişinə səbəb olmuşdu.


Albaniya memarları iri ictimai binalar, müdafiə qalaları tikmişlər. İnşa işlərində yerli tikinti materiallarından istifadə olunmuşdur.


Ölkənin paytaxtı Qəbələ şəhərinin ətrafına torpaq sədd çəkilmiş və dərin xəndək qazılmışdır. Qəbələdə şəhər yerində aşkar olunmuş binaların bünövrəsi çay daşlarından qoyulmuş, divarları isə çiy kərpicdən hörülmüşdür.


İctimai binalardan birinin iri salonları, eyvanları, kiçik otaqları və dəhlizləri aşkar edilmişdir. Hər salonun ortasında iri daşdan yonulmuş sütun altlıqları vardır. Onların üzərində ağac sütunlar ucaldılmışdır. Binanın üstü kirəmitlə örtülmüşdür.


Mədəniyyətin inkişafında yazı mühüm rol oynamışdır. Albaniya əhalisi yazı ilə hələ e.ə. I minilliyin ortalarında, Əhəmənilər dövlətinin tərkibində olarkən tanış idi.


Qədim dövr müəllifləri e.ə. I əsrin 60-cı illərində Albaniya hökmdarı Oroysla Roma sərkərdəsi Pompeyin məktublaşması barədə məlumat verirlər. E.ə. I minilliyin sonlarına aid bəzi saxsı nümunələrinin üzərində də yazı işarələri vardır.


Şəki rayonunun Böyük Dəhnə kəndində üzərində II əsrə aid yunan dilində yazı olan daş kitabə tapılmışdır. Bu daş kitabə yunanlara məxsus olmuşdur. Bu dəlil albanların yunan yazısı ilə tanış olduğunu göstərir. Albanlar yunan yazısı ilə yanaşı, latın və Yaxın Şərqdə istifadə olunan başqa yazılarla da tanış olmuşlar.


Qədim albanlar bütpərəst idilər. Burada göy cisimlərinə sitayiş geniş yayılmışdı. Strabon yazmışdır ki, albanlar Zevs — Göy, Helios — Günəş, Selena — Ay.


Qazıntılar zamanı yaşayış yerlərindən, qəbir abidələrindən daş heykəllər əldə edilmişdir. Bu heykəllər yerli əhalinin dini görüşləri ilə bağlıdır.