Xəbərlər

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir.

 

DİM-dən AZƏRTAC-a bildirilib ki, istifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına da malikdir. Bu onlayn test bankında ümumilikdə 28535 test tapşırığı toplanıb.

 

Abituriyentlər (şagirdlər) bütün fənlər üzrə 5-11-ci sinif dərsliklərinin (Azərbaycan dili və riyaziyyat fənni üzrə isə 4-11-ci siniflər) mündəricatında olan hər bir mövzu üzrə sınaq imtahanından (hər imtahanda 10 test tapşırığı olmaqla) və həmin sinif üzrə 5 qiymətləndirmə sınağından (hər imtahanda 20 test tapşırığı olmaqla) istifadə etməklə hazırlıq səviyyələrini yoxlaya bilərlər.

 

Sınaq imtahanı iştirakçısının yazıldığı fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində o, tapşırıqlara, öz cavablarına və tapşırıqların düzgün cavablarına baxa bilər.

 

Portalda qeydiyyat, ödəniş və imtahanlara yazılmaqla bağlı təlimatlarla otk.az portalının “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.